ADUA sahəsində seysmik tədqiqat aparılacaq
ADUA (“Əşrəfi–Dan Ulduzu–Aypara”) müqavilə sahəsində 2D yüksək dəqiqlikli seysmik tədqiqat aparılacaq. BP-nin nümayəndəsi Pərviz Əlizadənin bildirdiyinə görə, tədqiqat 2026-cı ilin mart–aprel aylarında, 20 günədək müddətdə ADUA sahəsinin şimal-qərb hissəsində həyata keçiriləcək.
Tədqiqatın məqsədi gələcək kəşfiyyat quyularının planlaşdırılması üçün təxminən 1500 metr dərinliyədək geoloji məlumatların əldə olunması və mümkün yeraltı risklərin müəyyənləşdirilməsidir. İşlər “Caspian Provider” gəmisi ilə aparılacaq.
Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, bu standartlara riayət olunduğuna görə, ətraf mühitə ciddi təsir olmayacaq:
“BP-nin bu Əşrəfi–Dan–Ulduzu–Aypara yatağında aparacağı 2 ölçülü seysmik tədqiqat işləri görünür ki, həmin ərazidə olan relyefi, yəni dərində- 1500–2000 metr dərinlikdə olan geoloji relyefin qiymətləndirilməsini aparırlar. Çünki adətən quyuların qazılması zamanı o süxurların tərkibindən asılı olaraq çox zaman quyuların uçması baş verir və tədqiqat işi aparılmadığından quyu qazan təşkilatlar həddindən artıq ziyana düşürlər. Bu olmasın deyə, həmin ərazidə seysmik tədqiqat işlərinin BP tərəfindən həyata keçirilməsi planlaşdırılır”.
Müsahibimiz bu zaman nəyə nail olunacağını da açıqlayıb:
“Burada əsas məsələ odur ki, həmin ərazidə geoloji quruluş tamamilə öyrəniləcək, layların yerləşməsi, layların bir-birinə keçidi, gilin, süxurun quruluşu, möhkəmliyi qiymətləndiriləcəkdir. Yəni bu, əsas amillərdən biridir. Və bu quyuları qazan zaman, təbii ki, ətraf mühitlə təsir yaranır və bu qazma zamanı müxtəlif kimyəvi reagentlərdən istifadə olunur. Həmin o quyulardan çıxan gil, qum qarışığı və digər kimyəvi maddələr, lay suyu və yaxud digər suların emal olunaraq sonradan dənizə atılması adətən plana görə yerinə yetirilir.
Əgər bu işlərə riayət olunacaqsa, yəni texnoloji proses pozulmadan həmin o quyudan çıxan maddələr, eyni zamanda istifadə olunan kimyəvi reagentlər — hansı ki, ətraf mühitə mənfi təsirlər edir — onların utilizasiyası, toplanıb təhvil verilməsi prosesi aparılacaqsa və BP-nin apardığı bütün layihələrdə bütün bu standartlara riayət olunduğuna görə, düşünürəm ki, ətraf mühitə ciddi təsir olmayacaq. Əgər işdir, həmin o tullantılar dənizə axıdılarsa, həmin ərazidə müəyyən qədər canlıların ölməsinə səbəb ola bilər.
Çünki onların tərkibində həddindən çox zəhərli kimyəvi elementlər var. Məsələn, lay suyunda, gil qarışığında, istifadə olunan kimyəvi qarışıqlarda həddindən çox zəhərli kimyəvi elementlər var və bunlar da balıqların, digər canlıların dərhal ölməsinə şərait yaradır.
Yəni düşünürəm ki, BP-nin yüksək səviyyəli quyu qazma prosesləri burda tətbiq olunaraq ətraf mühitə təsir olmadan yekunlaşacaqdır. Ətraf mühitə təsirin qiymətləndirilməsi, hesab edirəm ki, o qədər böyük olmayacaqdır”.
Aydan Əsgərxanlı
