Ağdam-Xankəndi yolunun siyasi-iqtisadi əhəmiyyəti
Azərbaycanın Xankəndi erməniləri üçün göndərdiyi humanitar yük hələ də yolda gözləyir. Ağdam-Xankəndi yolunda. O yol ki, birinci Qarabağ müharibəsi dövründə qanlı-qadalı günlərə şahidlik edib.
Sovet dönəmində bu yoldan mütəmadi istifadə edənlərdən biri də Ağdam sakini Cahid İsmayılovdur. Cavid bəy deyir ki, o vaxtlar gediş-gəliş zolağından nəinki azərbaycanlılar, ermənilər də istifadə edib. Onlar daha çox qış azuqələrini, taxıl, kartof, soğan kimi məhsulları yerli əhalidən alıb erməni kəndlərinə, hətta İrəvana aparırdılar: “O vaxtdan mən sürücü işləyirdim, Xankəndinə yük aparmışam, Şuşaya da yük aparmışam. Burdan Kərgicahana gedirdim, yük aparırdım, Xankəndinin Koslar kəndinə, Şuşanın Daş altısına, hara olsa aparırdım, vaxtında da çatdırırdım. Hər tərəfli yaxşı idi”.
Qəribədir, bəs o vaxt bizim çörəyimizlə qarnını doyuran haylar indi niyə və nəyə naz edir?
Ekspert Elxan Şıxəliyev bildirir ki, Qarabağdakı separatçı rejim böhran üzərindən problemləri olsaydı onlar artıq yalvara-yalvara çoxdan Ağdam yolu üzərindəki yükləri qəbul etmişdilər: “Onlara fərqi nədir? Hansı ölkədən, hansı ərazidən, hansı yoldan humanitar yardım daxil olacaq. Adətən humanitar böhranı olan ölkələr istənilən iqtiqamətdən humanitarı qəbul edirlər”.
Milli Məclisin İqtisadiyat komitəsinin üzvü Vüqar Bayramlı deyir ki, Qarabağda istehsal olunan yüklərin həm Zəngəzur dəhlizi, həm şərq-qərb nəqliyyat dəhlizi vasitəsi ilə daşınmasına imkan verəcəkdir ki, bu da təbii ki, Qarabağın və bütövlükdə Azərbaycanın iqtisadi inkişafı baxımından çox vacibdir: “Eyni zamanda Qarabağ iqtisadi rayonu daxilində də yükdaşımların daha səmərəli və daha qəsa müddətli həyata keçirilməsinə imkan verəcəkdir. Nəzərə alsaq ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycan İqtisadiyyatının təxminən 8 milyard manatlıq yeni dəyərinin formalaşması deməkdir. yeni yaradılan dəyərin və dəyərin bölüşdürülməsi, dəyərin istehlakçılara çatdırılması, ixrac olunması imkanlarının olduğunu nəzərə alsaq Ağdam-Xankəndi yolu praktiki olaraq məhz dəyər zəncirinə uyğun olaraq Qarabağın inkişafına ümumi töhvə verəcək”.
Gələcəkdə bu yoldan gözləntilər böyükdür. 31 il öncə gözlədiyimiz həm də əzizlərimiz idi. Onların bir qismi o vaxt gəlib-çıxdı, yeriməyə taqəti olmayanları isə Milli Qəhrəman Allahverdi Bağırov çiyinlərində gətirdi. Həmin hadisələrin üzərindən 31 il keçsə də çat vermiş asfalt indi çox şey deyir insana.
Ağdam -Xankəndi yolunun elə nöqtəsində dayanmışıq ki, baxanda adi bir yol, təmiz asfalt görürük, amma belə deyil. Burda yaralı ayaqların, qanlı ayaqların izlərini görürük. O izlər ki, 1992-ci ildə Xocalıda Ermənilərin zülmünə, işkəncələrinə məruz qalan, amma sağ çıxmağı bacaran həmin o insanların izləridir,asfaltdan silinməyib. Buradan həm də 92-ci ildə Qarabağda döyüşən və yaralanıb əsir düşən hərbçilərimizin dəyişdirildiyi həmin o nöqtədi. Yolun bu hissəsindən əsgəran qəsəbəsinə olan məsafə nə az, nə çox 3 kilometrdir.
Bu yol artıq ağrılı günlərə yox, bərpaya, tərəqqiyə, qayıdışa xidmət etmək əzmindədir.
