Aliment məbləğinin nəyə xərclənməsi ilə bağlı hesabat verilməlidirmi?
Boşanmadan sonra uşağın saxlanılması üçün ödənilən aliment sadəcə hüquqi öhdəlik deyil, eyni zamanda uşağın rifahına yönələn təminat vasitəsidir. Ancaq cəmiyyətdə tez-tez səslənən suallardan da biri budur. Ödənilən vəsait həqiqətən uşağamı xərclənir?
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Cavanşir Qasımzadə bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, aliment uşağın normal inkişafı, qidalanması, təhsili və sağlamlığı üçün nəzərdə tutulan xüsusi təyinatlı vəsaitdir:
“Valideynlər arasında ən çox mübahisə yaradan məqamlardan biri də bu vəsaitin düzgün xərclənməsinə nəzarət məsələsidir. Hüquqi baxımdan alimenti alan tərəf (adətən ana) həmin məbləği uşağın ehtiyacları üçün xərcləməyə borcludur, lakin qanunvericilikdə alimentin hər qəpiyi üçün qarşı tərəfə gündəlik və ya aylıq hesabat vermək kimi birbaşa öhdəlik nəzərdə tutulmayıb. Yəni, aliment ödəyən valideyn hər ay çeklərin və ya qəbzlərin ona təqdim olunmasını qəti şəkildə tələb edə bilməz.
Buna baxmayaraq, əgər alimentin uşağa deyil, başqa məqsədlərə xərcləndiyi barədə ciddi şübhələr və ya sübutlar varsa, bu məsələyə hüquqi müstəvidə müdaxil etmək mümkündür. Valideyn vəsaitin təyinatı üzrə istifadə edilmədiyini hiss etdikdə məhkəməyə müraciət edərək alimentin bir hissəsinin adətən 50%-ə qədərinin birbaşa uşağın adına açılan bank hesabına köçürülməsini tələb edə bilər. Bu üsul vəsaitin bir hissəsinin uşaq yetkinlik yaşına çatana qədər qorunub saxlanılmasın və yalnız onun gələcəyi üçün istifadə olunmasını sığortalayır.
Eyni zamanda, alimentin uşağın zəruri ehtiyaclarını qarşılamadığı və ya qəsdən uşaqdan yayındırıldığı aşkar olarsa, yerli icra hakimiyyətləri yanındakı Qəyyumluq və Himayəçilik orqanlarına müraciət etmək olar. Bu orqnlar uşağın yaşayış şəraitini və ehtiyaclarının hansı səviyyədə ödənildiyini yoxlamaq səlahiyyətinə malikdir. Əgər uşağın baxımsız qaldığı və vəsaitin şəxsi maraqlar üçün mənimsənildiyi sübut olunarsa, bu, hətta uşağın yaşayış yerinin dəyişdirilməsi və ya qəyyumluq məsələsinin yenidən nəzərdən keçirilməsi üçün əsas yarada bilər. Lakin bütün bu proseslər üçün konkret faktlar və sübutlar tələb olunur”.
Səadət Əlizadə