Ambivalans nədir və insan həyatına necə təsir edir?
Hər birimiz həyatımızda ən azı bir dəfə eyni insanı həm çox istədiyimizi, həm də ondan incidiyimizi hiss etmişik və ya mühüm bir qərar ərəfəsində həm irəli qaçmaq, həm də olduğumuz yerdə qalmaq istəmişik. Psixologiyada ambivalans adlanan bu vəziyyət, eyni anda tamamilə əks iki hissi yaşamaq deməkdir. Bu daxili ziddiyyət insanı həm emosional olaraq yorur, həm də mühüm qərarlar verməyi çətinləşdirir. Bəs bu ikili hisslər haradan qaynaqlanır və həyatımıza necə təsir edir?
Mövzu ilə bağlı Psixoloq Nabat Mirzəyeva “İnformator.az”a açıqlamasında bildirib ki, ambivalansdan çıxmaq üçün öz hisslərimizi inkar etməməliyik, əksinə qəbul etməliyik:
"Ambivalans insanın eyni anda bir hadisəyə, bir şəxsə, bir qərara qarşı zidd hisslərin yaşamasıdır. Yəni insan qərar verməkdə tərəddüd edir, həm hə deyir, həm yox deyir, həm sevir, həm inciklik hiss edir, həm yaxınlaşmaq istəyir, həm də həmin insana qarşı yaxınlaşmaq istəmir. Yəni bu situasiyalar, ambivalens halları insanlarda baş verən bir situasiyadır. Bu vəziyyət xüsusilə münasibətlərdə, karyera seçimlərində, həyati qərarlarda, hər hansı bir qərarı verməkdə çətinlik çəkdiyimiz zaman özünü daha çox göstərir. Yəni ambivalans insan psixikasının normal bir halıdır. Çünki insan beyni həm emosiyalarla həm də məntiqlə çalışır. Yəni bu iki sistem hər zaman tam uyğunlaşmaması normal bir haldır. Hər zaman biz emosiyalarda olacağıq, hər zaman biz məntiqlə olacağıq deyə bir şey yoxdur. Bunların hər ikisinin də çatışması, çaxnaşması, yəni eyni fikrə gəlməməsi ola bilər. Ancaq uzun müddət davam edən ambivalans emosional yorğunluq, stres, gərginlik, qərarsızlıq və narahatçılıq yarada bilir. Ambivalansdan çıxmaq mümkündür. Ancaq ambivalansdan çıxmaq üçün öz hisslərimizi inkar etməməliyik, əksinə qəbul etməliyik. Düşünməməliyik ki, mütləq mən yaxşı olmalı, yaxşı hiss etməliyəm ya da misal üçün pis düşüncələrə qapılmamalıyam. Bunların qarşısını birdəfəlik almaq mümkün deyil. Hər ikisinin də qərarsızlıq, yəni ambivalansını yaşamaq mümkün olur. Yəni biz insan övladı olaraq həm özümüzü yaxşı hiss edə bilərik ya da ki, yaxşı hiss etdiyimiz anda hər hansı qərarları verəndə bir qərarı verib, digər qərarı verməyə də bilərik. İnsan eyni anda həm sevə, həm də qırıla bilər. İnsan bir işi gördüyündə həm qərarsız qala bilər, həm də qərarını verməyə çalışa bilər. Yəni sağlam qərar vermək üçün qərarı qorxudan və ya real ehtiyacdan olduğunu ayırt etməliyik, tələsmədən düşünməliyik, hisslərimizə, duyğularımıza, emosiyalarımıza ad verməliyik, daxili ehtiyaclarımızı mütləq dərəcə analiz etməliyik, nə istədiyimizi, nə düşündüyümüzü və nə hiss etdiyimizi bilməliyik".
Həmçinin psixoloq qeyd edib ki, ambivalans yalnız qərarsızlıq deyil, insanın daxili emosional konfliktinin göstəricisi də ola bilər:
"Ambivalansın müsbət tərəfi də var. Bu vəziyyətdə insan hadisələrə təktərəfli deyil, ətraflı və daha dərin baxmasına kömək olur, öz hisslərini və daxili dünyasını və hadisələrə qarşı mövqeyinin necə olduğunu çox tərəfli olmağa, yəni başlamağa, görməyə başlayır. Ambivalans özünü analiz etməyi, emosional yetkinliyi və empatik qabiliyyətimizi artıra bilər. Çünki bir istiqamətdə baxmırıq, bir neçə istiqamətdə baxırıq. Misal üçün, biz bir şeyi tam əminliklə qərar verdiyimiz zaman, həmin qərara köklənirik. Ancaq ambivalans isə insanı düşünməyə, analiz etməyə və o andakı riskləri və yaxud o risk olmayan tərəfləri görməyə vadar edir. Hazırda sosial media davamlı olaraq ideal həyatlarla bizi qarşılaşdırır. Həmin o ideal həyatlar istər-istəməz daxildə ziddiyyət yaradır. Həyatımızda olan situasiyalarla, həmin o gördüyümüz ideal həyatdakı situasiyaları müqayisə etəməyə başlayırıq. Bu anda sosial şəbəkədə başqa insanları izləyən şəxslər öz həyatından razı qalmağa da çalışır, həm də başqalarının həyatına baxaraq çatışmazlığı da hiss etməyə başlayır. Artıq burda başqalarının həyatındakı yaxşı hallarla, öz həyatındakı çatışmazlıqlar arasında bir sıxılmaq hissini yaşamağa başlayır. Ambivalans şüurlu düşüncə prosesi olsa da, çox vaxtı şüuraltı müdafiə mexanizmi ilə də əlaqəli olur. Bir növ müdafiə mexanizminə keçir. Yəni çox vaxtı bu güvənsizlik hissi, tərk edilmə qorxusu, hər hansı bir qorxularımız, travmalarımız, travmatik münasibətlərimiz və keçmiş emosional təcrübələrimiz olanda ki, hansı ki, orda yaralar biz almışıqsa, insan daxilində zidd hisslər yarada bilir. Yəni "edim mi, etməyim mi? Olsun mu, olmasın mı? Qalım mı, qalmayım mı? Görüm mü, görməyim mi? ". Yaşadığımız hekayələr və yaşanmışlar, qazandığımız təcrübələr bizdə artıq bir ambivalans yarada bilər. Misal olaraq, bir insan deyək ki, yaxın olmaq istəyərkən, digər anda isə yaxınlıqdan qorxa bilər, yaxın olmaqdan ehtiyat edə bilər. Çünki şüuraltı səviyyədə artıq inciməkdən, artıq zədə almaqdan, keçmişdəki yaşadığı acıları təkrar yaşamaqdan ehtiyat edir. Bu səbəbdən ambivalans yalnız qərarsızlıq deyil, insanın daxili emosional konfliktinin göstəricisi də ola bilər".
Samirə Allahverdizadə