“Ana dilinə bağlılıq insanın şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır”- Xatirə Hüseynova
“BDU könüllüləri”nin təşkilatçılığı ilə keçirilən “Azərbaycan dili. Açıq dərslər” layihəsi çərçivəsində növbəti görüş Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya kafedrasının müdiri Xatirə Hüseynova ilə oldu. Dilin insan həyatındakı mühüm roluna toxunan təlimçi əsas diqqəti insanın cəmiyyətdə öz bilik və bacarığını məhz nitqi vasitəsilə təqdim etməsinə çəkib.
“Ən gözəl və səmimi hisslər məhz ana dilində ifadə olunur və ana dilinə bağlılıq insanın şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır”.
Xatirə Hüseynova Azərbaycan dilinin zənginliynə toxunaraq 1300 ildən artıq tarixi barədə də məlumat verib. Üzeyir Hacıbəyli və Cəlil Məmmədquluzadə kimi görkəmli şəxslər dilin saflığı və sadəliyi naminə daim mübarizə aparıblar.
"Bizim türk (Azərbaycan) dilimiz Avropa alim və filosoflarının rəyinə görə ən vüsətli və kamil bir dildir ki, onun vasitəsi ilə insan ən ali fikirlərini və dəqiq hisslərini bəyan etməyə qadirdir".
Yad dillərin təsiri nəticəsində fonetik və orfoepik normaların pozulması, leksik və qrammatik səhvlər məsələsinə də toxunan təlimçi Üzeyir Hacıbəylinin “hansı ki” ifadəsi ilə bağlı tənqidi fikirlərini buna nümunə kimi göstərdi.
“Professor Nəsir Əhmədlinin fikrinə əsasən, nitq insan düşüncəsinin dil vasitəsilə ifadəsidir. O, bu prosesi “Fikir + dil = nitq” kimi sadə və aydın formada izah edir. Yəni insan əvvəlcə fikirləşir, sonra bu fikri dil vasitəsilə formalaşdıraraq nitqə çevirir. Buna görə də düzgün və təsirli nitq üçün həm düşüncənin aydın olması, həm də dilin düzgün və zəngin istifadəsi vacib hesab olunur”.

Gözəl nitq üçün düzgün danışıq, yüksək intellekt və geniş dünyagörüşünün vacibliyi qeyd olundu. Düzgün nəfəsalma texnikaları, o cümlədən şar üfürmək üsulu, artikulyasiya məşqləri, saitlərin düzgün tələffüzü və yanıltmacların əhəmiyyəti izah edildi.
BDU-nun kafedra müdiri səs tonu, intonasiya və düzgün vurğunun nitqin təsir gücünü artırdığını vurğuladı. Ədəbi dil normalarına riayət etməyin, dialekt sözlərdən uzaq durmağın və orfoepik qaydalara əməl etməyin vacibliyini diqqətə çatdırdı:
“Nitq mədəniyyətində ən vacib məqamlardan biri sözlərin düzgün tələffüz olunmasıdır. İlk növbədə, sözlərdə heca vurğusu yerində işlənməlidir. Sözlər orfoepik qaydalara uyğun şəkildə deyilməlidir. Dialekt tələffüzünə isə yol verilməməlidir. “Mənə - maa”, “sənə - saa”, “gələcəyəm - gələcəm”, “necəsən - nətərsən” kimi variantlar ədəbi dil normalarına uyğun deyil və nitqin keyfiyyətini aşağı salır. Çıxış zamanı ədəbi dilə riayət etmək əsas şərtlərdən biridir”.
Jestlər və mimikaların insanın fikrini daha təsirli çatdırmasına kömək etməsi, lakin onlardan ölçülü istifadə etmək lazımlığı bildirildi.
Ədəbi dilin xalq dilinin ən yüksək forması olduğu vurğulandı:
“Cəmiyyətdə ədəbi Azərbaycan dilində danışmaq vacibdir və bunun üçün orfoepik qaydalara riayət edilməli, vurğular düzgün qoyulmalı, dialekt sözlərdən uzaq durulmalıdır”.
Savadlı və düzgün danışmaq üçün Xatirə Hüseynova bir neçə tövsiyələr verdi:
“Kitab oxumaq, maraqlı çıxışları dinləmək, öz üzərində işləmək, debat və müzakirələrdə iştirak etmək, həmçinin yazı qabiliyyətini inkişaf etdirmək üçün gündəlik qeydlər aparmaq və esse yazmalıyıq”.
Tədbirin sonu praktiki hissə ilə davam etdirildi. İştirakçılar suallar ünvanlandılar və onların nitqlərindəki qüsurlar üzərində məşqlər aparıldı.
İnteraktiv formatda keçən görüş sual-cavab və qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşdı.

Zəri Bayramlı