Attestatla qəbul olunanların diplomları niyə tanınmır?
Attestatla ali məktəblərə qəbul olunan və hər hansı qiymətləndirmə mərhələsindən keçməyən şəxslərin gələcək təhsil və peşə taleyi əksər hallarda mənfi nəticələnir. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Tural Əhmədov məlumat verib.
Onun sözlərinə görə, aparılan araşdırmalar göstərir ki, belə şəxslərin bir qismi nə təhsil aldıqları ixtisasın adını düzgün ifadə edə bilir, nə də tədris dilini yetərincə mənimsəyib. Bu isə onların əldə etdikləri diplomun real bilik və bacarıqları əks etdirmədiyini göstərir.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Murad “İnformator.az”a açıqlamasında bildirib ki, bu həm tələbə, həm valideyn, həm də ölkə üçün ciddi itki deməkdir:
“İndi hazırda ölkədə attestatla xaricdə təhsil proqramları həyata keçirən bir sıra biznes şirkətləri fəaliyyət göstərir. Müəyyən məbləğ qarşılığında bu şirkətlər abituriyentlərin Türkiyə, Ukrayna, Dağıstan, Rusiya və digər ölkələrdə ali məktəblərə qəbulunu təşkil edirlər. Lakin çox nadir hallarda həmin diplomlar ölkə səviyyəsində tanınır və əksər hallarda tələbələr geri qayıtdıqdan sonra diplomun tanınması ilə bağlı ciddi problemlərlə üzləşirlər.
Bir çox abituriyent düşünür ki, tələbə qəbulu imtahanında yüksək bal toplaya bilmədiyi halda attestatla xaricdə təhsil ala bilər. Xüsusilə oğlan abituriyentləri bu istiqamətdə daha fəaldır. Bunun əsas səbəblərindən biri hərbi xidmətə çağırış məsələsidir. Xaricdə təhsil alan tələbələr hərbi xidmətdən möhlət hüququ qazandıqları üçün bu variantı üstün tuturlar.
Digər mühüm məsələ isə ondan ibarətdir ki, Azərbaycanda qəbul proqramı bir çox ölkələrlə müqayisədə daha yüksək bal tələbi ilə fərqlənir. Hər abituriyent bu balı toplaya bilmədikdə, istər-istəməz xaricə üz tutur. Məhz bu səbəbdən son illər peşə təhsili müəssisələrinin aktivləşməsi müşahidə olunur. Abituriyentlər burada peşəyə yiyələnə, gələcəkdə isə subbakalavr kimi ali təhsillərini davam etdirə bilərlər".
Müsahibimizin sözlərinə görə, xaricə axının qarşısını almaq üçün daha fərqli və cəlbedici layihələr həyata keçirilməlidir:
"Çünki tələbə 2–4 il xaricdə təhsil alıb geri qayıtdıqda diplomu tanınmadıqda, həm vaxtı, həm də xərclədiyi vəsait hədər gedir. Bu isə həm tələbə, həm valideyn, həm də ölkə üçün ciddi itki deməkdir.
Xarici ölkələrdə fəaliyyət göstərən bu tip təhsil müəssisələrinin diplomlarının tanınmamasının əsas səbəbi abituriyentlərin heç bir imtahan və bilik yoxlanışı olmadan qəbul edilməsidir. Əgər abituriyentin biliyi universitet səviyyəsində olsaydı, o, öz ölkəsində ali məktəbə qəbul ola bilərdi. Bu hallarda artıq təhsil deyil, daha çox kommersiya maraqları ön plana çıxır.
Bu baxımdan valideynlərin övladlarını ölkə daxilində təhsilə yönəltməsi daha məqsədəuyğundur. Bu, mütləq universitet təhsili olmalıdır demək deyil. Peşə məktəbləri və kolleclər var ki, gələcəkdə ali təhsilə davam etmək imkanı yaradır. Təəssüf ki, cəmiyyətimizdə peşə təhsilinə hələ də bəzən ikinci dərəcəli yanaşılır. Halbuki bu gün yüksək ixtisaslı usta, bərbər, dərzi, dizayner və digər peşə sahiblərinə böyük ehtiyac var.
Hazırda elektrik və hibrid avtomobillərin geniş yayıldığı bir dövrdə yaşayırıq və peşə məktəblərində bu sahələr üzrə xüsusi proqramlar tətbiq olunur. Oğlan uşaqlarının texniki peşələrə, qızların isə dizayn, moda və interyer sahələrinə yönləndirilməsi, xaricdə oxuyub sonradan diplomunu tanıda bilməməkdən qat-qat faydalıdır.
Nəticə olaraq hesab edirəm ki, abituriyentlərin xaricə axınının qarşısını almaq üçün universitetə qəbul imkanlarını daha da cəlbedici edən, gənclərin marağına səbəb olan yeni proqram və layihələr həyata keçirilməlidir. Bu halda həm oğlan, həm də qız abituriyentlərin xaricdə təhsilə marağı indiki səviyyədə olmaz”.
Aydan Əsgərxanlı
