“Avropa İttifaqının Belarus siyasəti daha çox sanksiyalar və məhdudiyyətlər üzərində qurulub”
Sentyabrın 25-nə keçən gecə Belarusla sərhəddə bağlanmış buraxılış məntəqələri yenidən fəaliyyət göstərəcək.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Polşanın Belarusla sərhəddə bağlanmış buraxılış məntəqələrini yenidən fəaliyyətə açmaq qərarı daxili siyasətdə mübahisəli reaksiyalar doğura bilər:
“Bir tərəfdən, bu addım sərhəd bölgəsində yaşayan əhalinin sosial-iqtisadi həyatını yüngülləşdirəcək və qonşuluq əlaqələrini bərpa edəcək. Digər tərəfdən isə müxalifət və bəzi ictimai dairələr bunu Belarus hakimiyyətinə güzəşt kimi dəyərləndirə bilər. Beləliklə, qərar həm hökumətin praqmatik yanaşmasını, həm də daxili siyasi debatların kəskinləşməsini şərtləndirə bilər. Avropa İttifaqının Belarus siyasəti daha çox sanksiyalar və məhdudiyyətlər üzərində qurulub. Polşanın sərhədi açmaq qərarı isə bu yanaşmanın müəyyən qədər yumşaldılması kimi görünə bilər. Lakin Polşa bunu humanitar və iqtisadi səbəblərlə əsaslandıraraq Avropa İttifaqının ümumi mövqeyinə qarşı açıq bir ziddiyyət yaratmamağa çalışacaq. Bu addım əslində Varşavanın regional təhlükəsizliklə yanaşı, sosial-iqtisadi sabitlik faktorunu da nəzərə aldığını göstərir. Regionda təhlükəsizlik baxımından sərhədin açılması həm imkanlar, həm də risklər yaradır. Müsbət tərəfi odur ki, sərhəd nəzarət mexanizmləri bərpa olunacaq və qeyri-rəsmi keçidlərin qarşısı alınacaq. Eyni zamanda, Belarusdan Polşaya mümkün təzyiq aləti kimi istifadə olunan miqrasiya axınlarının yenidən aktuallaşması təhlükəsi qalır. Bu səbəbdən, sərhədin açılması müəyyən dərəcədə iqtisadi və sosial əlaqələri gücləndirsə də, təhlükəsizlik baxımından yeni çağırışlar doğuracaq”.
Aytac İbrahimova