Avstraliyada antisemit hücum şoku
Avstraliyanın Bondi çimərliyində yəhudi Hanukka bayramı zamanı silahlı hücum baş verib. Hücum nəticəsində azı 15 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Polis bunu ölkə tarixinin ən qanlı terror aktı adlandırıb.
Hadisədən sonra əraziyə hüquq-mühafizə və ekspert qrupları cəlb edilib, çimərlik boşaldılıb. Yerli sakinlər və yəhudi icmasının üzvləri baş verənləri həm sarsıdıcı, həm də artan antisemitizm fonunda “qaçılmaz” kimi dəyərləndiriblər.
Yəhudi icmasının nümayəndələri son illər antisemit insidentlərin artması barədə dəfələrlə xəbərdarlıq etdiklərini bildirir. Hücumda tanınmış ravvin və azyaşlı uşaq da daxil olmaqla çox sayda günahsız insan həyatını itirib.
Baş nazir Entoni Albanese hadisəni terror və antisemitizm aktı adlandırıb, hökumətin nifrət cinayətlərinə qarşı görülən tədbirlərini xatırladıb. Bununla belə, bəzi vətəndaşlar hökumətin vaxtında sərt mövqe sərgiləmədiyini deyib.
Hadisə Avstraliyada təhlükəsizlik, silah nəzarəti və cəmiyyətdə nifrət çağırışları ilə mübarizə məsələlərini yenidən gündəmə gətirib.
BBC
Reyhan Quliyeva
