Aydın Mirzəzadə: Hadisənin videokadra çəkilməsi normaldır
Bakıda yaşayış binalarından birində bir qadının ehtiyatsızlıqdan yıxılması və ətrafda olan insanların buna laqeyd yanaşması bir çox insanın etirazına səbəb olub. Hadisə ilə bağlı millət vəkili Aydın Mirzəzadə də səssiz qalmayıb.
Deputat hadisə ilə bağlı yazıb:
“Bu günlərdə sosial məsələlərdən diqqətimi ən cəlb edən hadisə Bakının yaşayış binalarının birindən, bir qadının öz mənzilinin balkonundan yerə yıxılması və hadisəyə toplaşan insanların fəaliyyətsizliyi oldu.
Bəlkə də bütün hadisələrin içindən məhz buna diqqət edilməsi qəribə görünə bilər, ancaq hesab edirəm ki, istənilən siyasətin və fəaliyyətin son məqsədi insanların təhlükəsizliyi və özünü tək hiiss etməməsidir.
Hadisə ilə bağlı şərhlərdə əsasən kimlərinsə hadisəni həmin an videokadra çəkməsi qınanılır. Əslində isə bu normal haldır və məhz həmin videogörüntü hadisəni daha yaxşı başa düşməyə kömək edir.
Ancaq vacib odur ki, təsadüfən baş verən hadisələrdə toplaşan təsadüfi insan qrupları hər deyəndə hadisənin qarşısını almağa hazır olmur. Liderlər irəli çıxmır, opertiv şəkildə maksimum xilasedilmə tədbirləri görülmür, hər kəs mümkün olan vəzifəni öz üzərinə götürmür.
Bir müddət əvvəl Rumıniyada bir qəsəbədə su quyusuna düşən qızı ordan xilas etmək üçün toplaşan insanların içində ani surətdə liderlər ortaya çıxdı, vəzifələr bölüşdürüldü. Ordada da videoçəkənlər oldu, ancaq qızcığaz xilas edildi. Çünki, ortaya ani olaraq tapşırıq verən liderlər çıxdı və hər kəs onun iradəsinə tabe olaraq öz bacarığını göstərdi.
İndi bildirilir ki, evin kişisi həyat yoldaşının əllərini tutduğuna görə mənzilin qapısını kömək üçün aça bilməyib. Məgər həmin an heç fikirləşmədən mənzilin qapısını balta ilə, lomla, ələ keçən istənilən kəsici və ya dağıdıcı alətlə qırmaq olmazdımı ? Qoy lap əri qadını xilas edəydi, qapı qırılması artıq olaydı, ancaq inanmıram ki, ev sahibi sonradan qırılan qapıya görə kiməsə irad bildirəydi. Qoy artıq bir qapı qırılaydı, nəinki ailə bu faciəni yaşayaydı.
Təqribən 25 il əvvəl Mingəçevirdə bağlı qapı arxasında bələkdə ağlayan tək uşaq qalmışdı, qonşular mənzilin qapısını balta ilə qırıb onu anasına vermişdilər.
Burda isə kiminsə ağlına binanın aşağı mərtəbəsində yaşayan ailələrdən təcili yorğan-döşək alaraq yerə sərmək də gəlmədi. Axı onun yıxılacağı aydın idi, elə isə bu niyə edilmədi, niyə kimsə qonşusunun xilası üçün özünün bir-iki döşəyindən keçmədi.
Niyə hadisyə aşağıdan baxan kişilər topa ilə balkonun altında əllərini göyə qaldırıb, onu tutmağa hazır olmadılar. Bəlkə yuxarı baxmağa utanırdılar, ancaq həyatı tükdən asılı olan o qadın onların bacıları deyildimi ? Məhz belə bir üsulla Çində aşağda toplaşan kişlər balkondan sallanan və sonradan yıxılan bir nəfəri xilas edə bilmişdilər.
Əlbətdə, hadisədən sonra rəy vermək, daha nə etmək olardı demək çox asandır. Ancaq həyat təsadüflərlə doludur, hər birimiz istənilən situasiyaya düşə bilərik. Hər brimiz hər birmizin xilaskarı ola bilərik. Sadəcə olaraq çəkinmək, kiminsə komandasını gözləmək yox, özünü qabağa vermək, utancaqlıq göstərməmək, mümkün xilas variantlarnı ani surətdə qəbul etmək lazımdır.”
Yazı müəllifin “Facebook” səhifəsindən götürülüb
