Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı müdafiə və iqtisadi sahədə yeni imkanlar yaradır
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Sənəd müdafiə və təhlükəsizlik, iqtisadiyyat, investisiya və maliyyə sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, bəyannamənin əsas əhəmiyyətli məqamlarından biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın ayrıca istiqamət kimi müəyyənləşdirilməsidir:
"Böyük Britaniya bu sahədə beynəlxalq miqyasda aparıcı ölkələrdən biridir və rəsmi Londonla əməkdaşlığın genişləndirilməsi Azərbaycan üçün mühüm imkanlar yarada bilər. Sənəddə maliyyə-bank sektoru və iqtisadi əməkdaşlığın inkişafına da xüsusi yer ayrılıb. Londonun dünyanın əsas maliyyə mərkəzlərindən biri olması Britaniya investisiyalarının Azərbaycana cəlb edilməsi baxımından əhəmiyyətlidir".
Zeynal Əmrəliyev Azərbaycanın müxtəlif ölkələrlə strateji tərəfdaşlıq əlaqələri qurmasının çoxvektorlu xarici siyasət kursunun göstəricisi olduğunu vurğulayıb.
Güllüzar Nəbili