Azərbaycan iqtisadiyyatı dəyişən reallıq qarşısında
2026-cı ilin ilk rübündə açıqlanan rəqəmlər göstərir ki, Azərbaycan iqtisadiyyatında zəifləmə müşahidə olunur. ÜDM 29,7 milyard manat olub və 0,3% azalıb. Bu isə əvvəlki illərdə iqtisadi artımı təmin edən əsas sahələrin artıq əvvəlki kimi güclü olmadığını göstərir. Yeni vəziyyət iqtisadiyyatda dəyişikliklərin və fərqli yanaşmaların lazım olduğunu ortaya qoyur.
Mövzu ilə bağlı "İnformator.az” a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, 2026-cı ilin ilk rübündə ÜDM-in 0,3% azalması rəqəm olaraq kiçik görünsə də, siqna olaraq ciddidir:
“Bu, sadə bir dalğalanma deyil, uzun müddətdir struktural islahat tələb edən problemlərin üzə çıxmasıdır. Birinci və ən əsas səbəb neft sektorunun tükənmə mərhələsinə girməsidir. Azərbaycan iqtisadiyyatı onilliklər boyu neft-qaz gəlirlərindən asılı qalıb. Neft hasilatı azaldıqca bu asılılığın iqtisadiyyata mənfi təsiri qaçınılmaz olur. Qeyri-neft sektoru isə bu boşluğu doldurmaq üçün hələ kifayət qədər güclü deyil. Bundan çox danışılsa da, reallıqda ciddi nəticə əldə edilə bilməyib. İkinci səbəb isə xarici iqtisadi mühitin çətinləşməsidir: qlobal tələbin zəifləməsi, əmtəə qiymətlərindəki dəyişkənlik.
Rusiya iqtisadiyyatının sanksiyalar altında sıxışması Azərbaycana dolayı yolla da olsa, təsir göstərib. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. Oradakı problemlər iqtisadiyyatımızı ciddi təsirləndirir.
Üçüncü səbəb daxili investisiya mühitinin zəifliyidir. Birbaşa xarici investisiyalar, əsasən, neft-qaz layihələrinə cəmləşib. Qeyri-neft sektoruna, xüsusilə istehsal və texnologiyaya ciddi xarici kapital cəlb etmək hələ uğurlu alınmayıb. Bunun arxasında isə institusional zəifliklər, mülkiyyət hüquqlarının etibarsızlığı və bürokratik maneələr dayanır. Dördüncü səbəb ixrac strukturunun darlığıdır. Azərbaycan ixracının böyük hissəsi hələ də hidrokarbonlardır. Qeyri-neft ixracı, kənd təsərrüfatı məhsulları, kimya, emal sənayesi məhsulları potensial daşıyır, lakin miqyası hələ iqtisadiyyatı saxlamaq üçün yetərli deyil. Burada dürüst olmaq lazımdır, bu problemlər yeni deyil. İqtisadiyyatı şaxələndirmək vədi Azərbaycanda 2000-ci illərin ortasından bəri hər proqramda yer alır. Lakin real nəticələr hələ məqsədəuyğun deyil. Problem yalnız siyasət çatışmazlığı deyil, həm də icra məsələsidir. Bürokratik sistem, şəffaflığın olmaması və rəqabət mühitinin məhdudluğu islahatların effektivliyini aşağı salır”.
İqtisadçı qeyd edib ki, birinci olaraq yaşıl enerji sektoru ön plana çıxacaq:
“Azərbaycan külək və günəş enerjisi potensialına malikdir. Avropa bazarlarının "yaşıl enerji" tələbatı bu sahəni strateji cəhətdən perspektivli edir.
“Yaşıl enerji dəhlizi" layihəsi bu istiqamətdə ilk ciddi addımdır, lakin layihənin sürəti hələ istənilən səviyyədə deyil. İkinci olaraq logistika və tranzit coğrafi üstünlüyə əsaslanan sahədir. Orta dəhliz - Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasındakı marşrut Azərbaycana strateji önəm qazandırır. Bakı limanının genişləndirilməsi, dəmir yolu infrastrukturu bu potensialı reallaşdırmaq üçün mühüm addımlardır. Lakin bu sahənin tam gücünə çatması üçün regional siyasi sabitlik, xüsusilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması tələb olunur. Üçüncü sahə kimi aqrar-ərzaq sektoru önəm daşıyır. Azərbaycanda torpaq resursları var, lakin aqrar sektorda məhsuldarlıq hələ aşağıdır. Texnologiya tətbiqi, emal sənayesinin inkişafı və ixrac bazarlarının genişləndirilməsi ilə bu sektor real gəlir mənbəyinə çevrilə bilər. Dördüncü sahə isə turizm və xidmətlər sektorudur. Bakı son illərdə ciddi infrastruktur inkişafı yaşayıb, lakin turizmin iqtisadiyyata töhfəsi hələ potensialın altındadır. Regionların inkişafı, ekoturizm, mədəni turizm - bunlar hələ istifadə olunmayan imkanlardır.Yəni Azərbaycan iqtisadiyyatı real bir dönüş nöqtəsindədir. ÜDM-nin azalması bu dönüş nöqtəsini statistika ilə təsdiqləyir. Çıxış yolu var: enerji şaxələndirməsi, tranzit potensialı, aqrar islahatlar və s. Lakin bu yol şüarlarda deyil, icrada sınanacaq. Əsl sual budur: mövcud institusional mühit bu transformasiyanı həyata keçirə biləcəkmi? Bu suala indiki şəraitdə qətiyyətlə müsbət cavab vermək çətindir”.

Nurgün Qənizadə