"Azərbaycan üçün vəziyyət xüsusilə həssasdır" - ŞƏRH
İranın ali rəhbəri Əli Xamenei ilə bağlı “intiqam alınana qədər hərbi əməliyyatların davam etdiriləcəyi” barədə səsləndirilən fikirlər Yaxın Şərqdə və ona qonşu regionlarda təhlükəsizlik mühitini yenidən gündəmə gətirib. Artan gərginlik təkcə İran və onun rəqibləri arasında münasibətlərə deyil, həm də Cənubi Qafqazda yerləşən ölkələrin siyasi və iqtisadi maraqlarına təsirsiz ötüşmür.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a bildirib ki, İranın Ali Dini Lideri Əli Xamenei ilə bağlı səslənən sərt mesajlar, xüsusilə “intiqam alınana qədər hərbi əməliyyatlar davam etdiriləcək” ritorikası yalnız İran və onun birbaşa rəqibləri arasındakı münasibətlərə təsir etmir, həm də Cənubi Qafqaz və regionun digər enerji və ticarət marşrutlarına sahib ölkələr üçün ciddi geosiyasi risklər yaradır:
“ABŞ və İsrail başda olmaqla əsas güclər bu gərginliyi izləyir və müxtəlif cavab addımlarını planlaşdırır. Bu addımlar isə hərbi əməliyyatlarla yanaşı, özündə həmçinin hərbi-intellektual təzyiqi və diplomatik-siyasi manevrləri ehtiva edir. Hazırkı hərbi əməliyyatlar İran daxilində hərbi strukturlarla yanaşı, seçilmiş hədəfləri də sıradan çıxarmaqla davam etdirilir və bu, bir növ mesaj xarakteri daşıyır. Hərbi-intellektual təzyiq vasitəsilə isə ABŞ və İsrail regionda İranın potensial cavablarını sınaqdan çıxarmış olur. Diplomatik təzyiq isə Körfəz ölkələri və NATO vasitəsilə İranın hərbi fəaliyyətinin məhdudlaşdırılmasına yönəldilə bilər. Bu cavab addımları regionda qüvvələr balansına sözsüz ki, təsir edir, lakin eyni zamanda səhv hesablamalara və eskalasiyaya yol aça biləcək potensialı da saxlayır. Cənubi Qafqaz üçün bu gərginlik xüsusi diqqət tələb edir”.
Həmçinin politoloq qeyd edib ki, Azərbaycan, Ermənistan və Gürcüstan kimi ölkələr İranın sərhədlərə yaxın yerləşməsi səbəbindən birbaşa təsirlənə bilər:
“Mümkün risklər arasında enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyinin pozulması, eləcə də daxili siyasi və sosial sabitliyin İranla əlaqəli qruplar vasitəsilə təhdid olunması yer alır. Azərbaycan üçün vəziyyət xüsusilə həssasdır, çünki ölkə İranla uzun sərhədə malikdir və həm regional, həm də enerji layihələrində strateji maraqlara sahibdir. Uzunmüddətli müharibə riski həm də humanitar böhran və qaçqın axınları deməkdir. İranda 40 milyona yaxın soydaşımızın yaşaması və ölkəni tərk etmək məcburiyyəti ilə üzləşəcəkləri halda Azərbaycan sərhədlərinə doğru hərəkət ehtimalları kifayət qədər yüksəkdir. Odur ki, təhlükəsizlik baxımından sərhəd nəzarətinin gücləndirilməsi və müdafiə strukturlarının hazır vəziyyətə gətirilməsi prioritetdir və bu istiqamətdə də xeyli işlər görüldüyünü deyə bilərik. Diplomatik baxımdan isə Azərbaycan neytral və balanslı siyasət aparmaqla ABŞ, İsrail və İran arasında əlaqələrini qorumağa çalışır. Beləliklə, Azərbaycanın əsas strategiyası riskləri öncədən qiymətləndirmək və balanslı diplomatiya yürütməkdir. Ümumiyyətlə isə Xameneinin öldürülməsi və bu fonda İran tərəfinin sərt ritorikası regionda hərbi və siyasi gərginliyi artırır. Əsas təhlükə isə diplomatik balansın pozulması, enerji və nəqliyyat marşrutlarına təzyiqin artması, həmçinin sərhəd təhlükəsizliyinin sınağa çəkilməsi ilə bağlıdır. ABŞ və İsrailin cavab addımları regiondakı qüvvələr balansını dəyişdirə bilər, lakin ehtiyatlı və koordinasiyalı hərəkət etmək zərurəti onların da prioriteti olaraq qalmaqdadır. Bəli, İranın ritorikası və regiondakı cavab mexanizmləri Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına ciddi təsir göstərir və ölkələr riskləri öncədən qiymətləndirərək, həm diplomatik, həm də təhlükəsizlik tədbirlərini təmin etmək məcburiyyətindədirlər”.
Cavahir Əsgərbəyli
