Azərbaycan və İsrail təmiz enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycan və İsrail təmiz enerjinin inkişafı istiqamətində mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Xəzər-Qara dəniz-Avropa marşrutu üzrə “yaşıl enerji”nin ixracını nəzərdə tutan layihə çərçivəsində yaradılan “Yaşıl Enerji Dəhlizi” Birgə Müəssisəsinin - Green Energy Corridor (GECO, “Black Sea Energy”) baş direktoru Fərhad Məmmədov bildirib ki, iki ölkənin Energetika nazirlikləri arasında onlayn görüş keçirilib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, enerjiyə olan tələbat dünyada süni intellektin və data bazaların geniş yayılması səbəbi ilə xeyli artıb:
"Önümüzdəki illərdə, hətta, 2 dəfə enerjiyə tələbatın artması gözlənilir. Ona görə də, indi kifayət qədər ciddi elektrik enerjisi ciddi bir məhsula çevrilir. Və Avropa ölkələrində də bununla bağlı ciddi problem var. Onlar səhv siyasət yürüdüblər. Məsələn, Almaniya kimi ölkə və digər ölkələr atom enerjisindən imtina ediblər. Nəticə etibarilə, Avropada elektrik enerjisinin resurslarına tələbat kifayət qədər artıb. Ona görə də, təbii ki, Azərbaycanda istehsal olunan və yaxud da ətraf ölkələrdə istehsal olunan və Azərbaycanın da təsisçisi olduğu bu "yaşıl enerji" koridoru ilə Qara dəniz dibi ilə kabellərin çəkilməsi və Avropaya ötürülməsi əlavə gəlir mənbələri gətirəcək. Sadəcə bunun həcmindən və qiymətindən asılı olacaq. Bu neft və qaz gəlirlərini əvəz etməyəcək, əvvəlcədən demək lazımdır. Çünki neft və qaz gəlirləri ilə müqayisə olunmayacaq dərəcədə azdır. Amma hər halda enerji ixracatından əldə olunacaq gəlirlər Azərbaycanın iqtisadiyyatına müsbət təsir göstərən amilə çevriləcək".
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında enerji eksperti Sadiq Həsənov bildirib ki, Qara dəniz sualtı kabel xəttinin texniki göstəriciləri, əgər onu həyata keçirmək mümkün olsa, çox yüksəkdir:
"Belə ki, Azərbaycan "yaşıl enerji" istehsalı sahəsində böyük potensiala malikdir. Bildiyimiz kimi, Azərbaycan ərazisi ümumi 365 günün, təxminən, 280 gününü günəşli keçirir. Bu xüsusilə, Naxçıvanda, Aran zonasında daha uzundur, bəzi yerlərdə bu aşağıdır, təxminən, 240-260 gün arasında. Bu nəticələr onu göstərir ki, "yaşıl enerji" istehsal etmək potensialı yüksəkdir. Və bu istiqamətdə Azərbaycan hökumətində çox böyük layihələr həyata keçirilir. Həm Xızı, Abşeron zonasında, həm Qarabağda "yaşıl enerji" istehsalı planlaşdırılır. Demək olar ki, Qarabağ zonası tamamilə "yaşıl zona" elan olunubdur. Eyni zamanda, tutaq ki, Neftçalada layihə həyata keçirilir 315MVt gücündə, Biləsuvar rayonunda həyata keçirilir böyük bir layihə 440 MVt gücündə və yaxud Qobustanda həyata keçirilib, onun genişləndirilməsi planlaşdırılır. Və bu istiqamətdə kiçik Günəş panelləri də olmaqla, böyük layihələr həyata keçirilir. Külək qurğularının quraşdırılması potensialı var, amma elə də yüksək deyil. Burada əsas potensial dənizə cəmlənibdir, dənizdə onu istehsal etmək mümkündür. Bu bir az daha çox yüksək investisiya tələb edən layihələridir. Və düşünürəm ki, külək qurğularına Azərbaycan höküməti o qədər önəm verməyəcək, ona görə də, bu istiqamətdə layihələr o qədər də geniş olmayacaq. Ümumi Azərbaycanın bu gün istehsal etdiyi elektrik enerjisi 29 milyard kVt saata yaxındır. Onun 24 milyard kVt saatı ölkə üzrə istehlak olunur, istifadə olunur. Qalan 5milyard kVt saatı hazırda ixrac etmək potensialı var. "Yaşıl enerji" yarandıqdan sonra onun Avropa ölkələrinə idxalı və digər ölkələrə idxalı çox yüksək gəlir gətirə bilər ölkəyə. Gələcəkdə neft ehtiyatları azalacaq, qaz ehtiyatları ola bilər bir müddətdən sonra azalma baş verə bilər. Ancaq bu elektrik enerjisi dayanıqlı enerjidir. Uzun dövr ərzində elektrik enerjisi istehsal etmək mümkündür. Bu istiqamətdə İsraillə olan əməkdaşlığı yüksək qiymətləndirirəm. Çünki orada böyük investisiya tələb olunur. Həmin o xəttin çəkilməsi, icazənin alınmasında, belə görsənir ki, Avropa ölkələrinin elə də marağı yoxdur. Çünki özləri Avropa ölkələrində enerji potensialını artırmağa meyilləniblər. Düşünürəm ki, İsraillə texniki əməkdaşlıq nəticəsində Azərbaycan hökuməti həmin o layihələri reallaşdırmaq imkanına nail olacaq".
Aişə Mustafayeva
