Azərbaycan və Özbəkistan parlamentləri arasında "Yol xəritəsi" imzalanıb
Azərbaycan Respublikası Milli Məclisi və Özbəkistan Respublikası Ali Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının birinci iclası keçirilib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, bu il Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində Azərbaycan və Özbəkistan dövlət başçıları arasında əbədi dostluq haqqında müqavilə imzalanıb:
“Həmin müqavilədən irəli gələn istiqamətlər üzrə dövlət qurumları, hər iki ölkənin vətəndaş cəmiyyəti arasında əlaqələrin genişləndirilməsi nəzərdə tutulub. 2026-cı ildə müsabiqənin qalibləri artıq elan edilib. Layihələrin icrasına, yəqin ki, bu ilin sonunda və ya gələn ilin əvvəlində başlanılacaq.
Bununla yanaşı, iş dünyası arasında əlaqələrin genişləndirilməsi də həmin əbədi dostluq müqaviləsində öz əksini tapıb. Hər iki ölkənin parlamenti isə müvafiq olaraq əsas qanunverici hakimiyyət orqanıdır”.
Politoloqun sözlərinə görə, mövcud qanunvericiliyin əbədi dostluq müqaviləsindən irəli gələn şərt və tələblərə uyğunlaşdırılması belə bir yol xəritəsinin imzalanmasını zəruri edib:
“Hesab edirəm ki, imzalanan bu yol xəritəsi məhz həmin əbədi dostluq müqaviləsinin tərkib hissəsi və davamıdır. Bir qədər obrazlı ifadə etsək, bu yol xəritəsi əbədi dostluğa aparan yoldur.
Şübhəsiz ki, Azərbaycan və Özbəkistan arasında bu müqavilənin imzalanması türk dünyasında həmrəyliyin və dərin inteqrasiyanın əsasını qoyan ilk addımlardan biri idi. Bundan sonra digər türk dövlətləri arasında da oxşar əlaqələrin qurulması gözlənilir. Eyni zamanda, Azərbaycan və Özbəkistan parlamentlərinin digər türk dövlətləri ilə də analoji yol xəritələri imzalaması türk dövlətləri arasında, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində dərin inteqrasiyanın və əməkdaşlığın genişlənməsinə töhfə verəcək mühüm, tarixi və əlamətdar hadisə kimi qiymətləndirilməlidir”.
Selcan Xudiyeva