Azərbaycan-Yaponiya münasibətləri: mövcud vəziyyət və gələcək perspektivlər
Səfər çərçivəsində Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi və digər rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Azər Allahverənov bildirib ki, ümumiyyətlə, Azərbaycan-Yaponiya münasibətləri ənənəvi olaraq dostluq və qarşılıqlı fayda prinsiplərinə söykənir:
“Və onu deməyi hesab eləyirəm, özümə borc bilirəm ki, Yaponiya Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyıb və bu ölkə ilə Azərbaycanın diplomatik münasibətləri 1992-ci ildə qurulubdur. Sonrakı illərdə də hər iki ölkənin siyasi dialoqu, iqtisadi əməkdaşlığı və humanitar əlaqələri davamlı şəkildə inkişaf etdirilibdir.
İndi burada ilk əvvəl onu qeyd etmək lazımdır ki, siyasi sahədə tərəflər arasında hər hansı bir ziddiyyətli məqam və ya problem mövcud deyil. Xarici İşlər Nazirlikləri arasında mütəmadi siyasi məsləhətləşmələr keçirilir, parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Və bununla yanaşı, 2025-ci ildə Bakıda növbəti siyasi məsləhətləşmələr zamanı enerji, investisiya, təhsil, mədəniyyət, turizm və regional təhlükəsizlik məsələləri müzakirə olunubdur.
Yaponiya Azərbaycanın regional sabitlik və sülh təşəbbüslərini diqqətlə izləyir və Cənubi Qafqazda uzunmüddətli sabitlikdə maraqlıdır. Son illərdə iki ölkə arasında yüksək səviyyəli diplomatik təmaslar intensivləşibdir. Və biz vaxtaşırı, xüsusilə də Yaponiyanın Azərbaycanda fəaliyyət göstərən səfirliyinin müxtəlif sahələrdə iri həcmli layihələrin həyata keçirilməsinə dəstək göstərdiyini görmüşük. Və bu, bilavasitə Yaponiya hökumətinin eyni zamanda Azərbaycanda vətəndaş cəmiyyəti sektorunun inkişafına göstərdiyi bir dəstək olubdur. Çünki bu gün Azərbaycanda xüsusilə də qeyri-hökumət təşkilatları çoxsaylı sosial, səhiyyə, təhsil və humanitar yönümlü layihələri məhz Yaponiyanın Azərbaycanda fəaliyyət göstərən səfirliyinin xətti ilə Yaponiya hökumətinin göstərdiyi dəstək sayəsində həyata keçirməyə müvəffəq olubdur”.
Əlavə olaraq Deputat bildirib ki, iqtisadi əməkdaşlıq sahəsində də çox böyük nailiyyətlər var və ümumiyyətlə demək lazımdır ki, iki ölkə arasında olan münasibətlərin əsasını təşkil edir:
“İqtisadi sahədə əldə olunan münasibətlər bunu göstərir. Çünki Yaponiya uzun illər Azərbaycanın enerji sektorunda fəal şəkildə təmsil olunubdur. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" layihəsi çərçivəsində birinci konsorsiumun və digər konsorsiumların fəaliyyətində də Yaponiyaya məxsus neft şirkətlərinin fəal surətdə təmsil olunduğunu nəzərə alsaq, Yaponiya şirkətlərinin neft-qaz layihələrində və sənaye sahəsində mühüm rol oynadığını əminliklə vurğulaya bilərik.
Eyni zamanda, Yaponiya Azərbaycanın ən böyük inkişaf tərəfdaşlarından biri olub, ölkəyə milyardlarla yen həcmində kredit və texniki yardım göstərib. Yəni biz beləliklə görürük ki, Yaponiya həm humanitar sahədə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini layihələr vasitəsilə dəstəkləməklə yanaşı, eyni zamanda biznes strukturları üçün də böyük kreditlərin ayrılması və texniki yardımın göstərilməsini təmin edib. Bu da, təbii ki, Yaponiyanın Azərbaycana xüsusi marağının olduğunu göstərən çox vacib bir cəhətdir.
2025-ci ildə Tokioda Azərbaycan-Yaponiya Dövlət Komissiyasının 12-ci iclasında nəqliyyat, investisiyalar, yaşıl enerji və Orta Dəhliz layihələri geniş şəkildə müzakirə olunub ki, məhz həmin istiqamətlərdə Yaponiyanın da Azərbaycan iqtisadi müstəvisində fəallığını görmüş oluruq.
Gələcəkdə, təbii ki, əməkdaşlığın inkişafı üçün bir neçə perspektivli istiqamət var ki, bu da məhz bu günə qədər qazanılan nəticələrə əsaslanır. Bunların arasında yaşıl enerji və dekarbonizasiya məsələsi xüsusilə önə çıxır. Bu, ölkənin enerji sahəsinə marağından qaynaqlanır. Bu baxımdan Yaponiya hidrogen texnologiyaları, enerji səmərəliliyi və karbon emissiyalarının azaldılması sahəsində dünyanın liderlərindən biri olduğuna görə, bu təcrübənin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edə bilərik.
Bununla yanaşı, bərpa olunan enerji strategiyası da xüsusilə bu istiqamətdə əldə olunan böyük nailiyyətlərdəndir. Azərbaycanın da bu sahədə dövlət strategiyasına malik olduğunu nəzərə alsaq, bu, Yaponiyanın həmin istiqamətdə əldə etdiyi nəticələrlə müəyyən mənada üst-üstə düşür.
Orta Dəhliz və logistika mövzusu da bu gün getdikcə aktuallaşır. Nəzərə alsaq ki, Yaponiya Avropa-Asiya nəqliyyat marşrutlarının şaxələndirilməsində olduqca maraqlıdır, Azərbaycanın tranzit imkanları və Orta Dəhliz layihəsi Tokio üçün cəlbedici layihələrdən biri kimi dəyərləndirilir”.
Nəticə olaraq bildirilib ki, yüksək texnologiyalar və rəqəmsallaşma sahəsi də bu gün Yaponiyanın milli prioritetlərindən biridir:
“Dövlət beynəlxalq münasibətlər sistemində yüksək texnologiyaların inkişaf etdirilməsi ilə bağlı xüsusi siyasətə malik olmaqla yanaşı, bu sahədə ciddi nailiyyətlər də əldə edib. Bu baxımdan Yaponiya şirkətlərinin sənaye avtomatlaşdırılması, süni intellekt və ağıllı şəhər texnologiyalarını Azərbaycanda geniş şəkildə tətbiq etməsi, eyni zamanda bu istiqamətdə dövlətin həyata keçirdiyi siyasətə mühüm töhfə kimi dəyərləndirilə bilər.
Kənd təsərrüfatı və aqrotexnologiyalar sahəsində də Yaponiyanın uğurları kifayət qədərdir. Bu baxımdan biofermalar, hidroponika və innovativ kənd təsərrüfatı texnologiyaları Azərbaycan üçün kifayət qədər maraqlıdır və gələcəkdə bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsi üçün çox ciddi imkanlar mövcuddur. Çünki biz Qarabağ və Şərqi Zəngəzurda icra olunan layihələrə diqqət yetirsək, burada Yaponiya şirkətlərinin yenidənqurma, infrastruktur və yaşıl şəhər layihələrində iştirakı üçün geniş imkanların olduğunu deyə bilərik.
Bütövlükdə, Azərbaycan-Yaponiya münasibətləri hazırda yüksək siyasi etimad səviyyəsinə malikdir və hər iki ölkə bir-birinə geosiyasi tərəfdaş kimi yanaşır. Əgər Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, yaşıl enerji və logistika sahələrində islahatları davam etdirməyi əsas prioritet istiqamət kimi müəyyən etdiyini nəzərə alsaq, növbəti illərdə Yaponiya ilə münasibətlərdə yaşıl enerji və bütövlükdə enerji sahəsində əməkdaşlığın daha geniş texnoloji və investisiya tərəfdaşlığı mərhələsinə keçəcəyini təxmin edə bilərik. Bu da Yaponiyanı Azərbaycanın Asiyada ən mühüm strateji tərəfdaşlarından birinə çevirə bilər.
Bu baxımdan Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin yaponiyalı həmkarı ilə görüşünü yüksək qiymətləndirirəm. Nəticə etibarilə, ölkənin xarici siyasət kursunda Yaponiyanın özünəməxsus yer tutduğunu nəzərə alsaq, bu səfərin sadalanan istiqamətlər üzrə münasibətlərin dərinləşməsi üçün əlverişli və mühüm mühitin formalaşmasına gətirib çıxaracağını təxmin etmək olar”.
Səadət Əlizadə