Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılıb
Prezident İlham Əliyev mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Elçin Rəşidov bildirib ki, iqtisadi təşviqlər sadə mexanizmlərlə, marketinq və brendinq dəstəyi ilə birlikdə həyata keçirilir:
“Fərmanın ekosistemin real fəaliyyətinə praktik təsiri ilə bağlıdır. Bu fərman əslində KOB-ların ekosistemə çıxışını nəzərdə tutur. Mən baxdım, burada ‘bir pəncərə’ prinsipi, qeydiyyat, lisenziyaların və icazələrin alınması, verilməsi məsələsi əks olunub. Eyni zamanda, əməliyyatların balanslaşdırılması və sabitləşdirilməsi nəzərdə tutulur ki, bu da KOB-lar üçün vacibdir. Onların hərəkət etməsi, bazara daxil olması və fəaliyyət imkanlarının genişlənməsi üçün mühit sadələşdirilməlidir. Nəzarətlərin azaldılması məsələsini mən fərmanda görmək istəyərdim, amma bu açıq şəkildə yoxdur. Çünki siz bir toxum əkirsinizsə, onun üzərində sağlam mühit formalaşmalıdır. Əks halda, ağır şərtlər və artıq müdaxilələr o toxumu məhv edə bilər. Hazırda bəzi icra qurumları tərəfindən nəzarət mexanizmləri müəyyən qədər sərtləşdirilir və bu da əlavə çətinliklər yaradır. Digər tərəfdən, dövlət dəstəyi məsələsi var. Bu dəstəyin düzgün qiymətləndirilməsi vacibdir. Dövlət dəstəyinin müxtəlif növləri mövcuddur və onların iqtisadi baxımdan səmərəliliyi qiymətləndirilməlidir. KOB-ların bazara çıxışının sadələşdirilməsi və imkanlarının genişləndirilməsi baxımından bu mexanizmlər yenidən nəzərdən keçirilməlidir. Hazırda ciddi məlumat çatışmazlığı mövcuddur və bu fərman həmin boşluğun aradan qaldırılmasına xidmət edə bilər. Lakin dövlət dəstəyinin qiymətləndirilməsi və yenidən dizayn olunması ilə bağlı konkret mexanizmlər tam aydın deyil”.
Həmçinin iqtisadçı qeyd edib ki, ümumilikdə, təxminən 30-a yaxın müxtəlif dövlət dəstəyi mexanizmi mövcuddur:
“Onların bir qismi səmərəsizdir, hətta bəziləri həm iqtisadiyyat, həm də sahibkarlıq üçün zərərli təsir yarada bilər. Buna görə də bu mexanizmlər yenidən dizayn edilməli, iqtisadiyyata və sahibkarlığa real fayda verən formada qurulmalıdır. Real effekt yalnız normativ dəyişikliklərlə deyil, bu qərarların praktik icrası, tətbiqi və dövlət dəstəklərinin obyektiv qiymətləndirilməsi ilə mümkün olacaq. İdarəetmənin mərkəzləşdirilməsi, mən hesab edirəm ki, qərarvermə müddətini qısalda bilər. Əgər bu, həqiqətən idarəetmənin təkmilləşdirilməsi baxımından həyata keçirilərsə, risklərin proqnozlaşdırılması və idarə olunması imkanlarını da yaxşılaşdıra bilər. Halbuki hazırda bu sahədə risklərin idarə edilməsi müəyyən qədər açıq qalan məsələlərdən biridir. Eyni zamanda, bu addım dövlət qurumları arasında koordinasiyanı gücləndirə bilər. Funksional səlahiyyətlərin daha aydın bölgüsü və qurumlararası əməkdaşlığın gücləndirilməsi vacib məsələlərdəndir.
İnvestisiya mühitinə gəldikdə isə, burada həm yerli, həm də xarici investorlar üçün imkanların yaradılması əsasdır. Layihələrin daha sürətli təsdiqlənməsi biznes mühitini təşviq edən əsas amillərdəndir. Bundan əlavə, investisiya mühitində mühüm mexanizmlərdən biri dövlət-özəl tərəfdaşlığıdır. Bu mexanizmlər həm yerli, həm də xarici investisiyaların cəlbi üçün çox önəmlidir”.
Son olaraq iqtisadçı vurğulayıb ki, ölkədə idxalı əvəz edən və ixracyönümlü istehsalın təşviqi də investisiya siyasətinin əsas istiqamətlərindəndir:
“Azərbaycanda investisiya təşviqi mexanizmləri mövcuddur, lakin hazırda müəyyən nöqsanlar da var. Bu təşviqlərin vahid platforma üzərindən verilməsi şəffaflığı artıra və seçim meyarlarını daha əsaslandırılmış edə bilər. Eyni zamanda, xüsusi sanksiyaların və ya məhdudiyyətlərin təsirinin əsaslandırılması məsələsi də önəmlidir. Burada əsas məsələ tətbiq olunan mexanizmlərin icra effektivliyidir. Azərbaycanda qəbul edilən qərarların və mexanizmlərin praktik icrasının gücləndirilməsi investisiya mühitinin real yaxşılaşmasına gətirib çıxara bilər. Bu dəstək ilkin mərhələdə məhsulların təqdimatı və təşviqi üçün nəzərdə tutulub. İlk növbədə, məhsulların təqdimatı və təşviqi prosesi həyata keçirilir. Daha sonra marketinq dəstəyi, lisenziya və brendlərlə bağlı dəstək, xarici sərgilərdə iştirakın təşviqi, əlavə dəstək və məhsul dəstəyi təmin olunur. Gələcəkdə isə bu dəstək qarşılıqlı əməkdaşlıq çərçivəsində qiymətləndirilir. Məhsulun qiymətləndirilməsi və effektiv tətbiqi olarsa, ölkənin inkişafına töhfə verəcəkdir. Dəstək ölkənin uzunmüddətli sənaye strategiyası ilə uzlaşmalı, struktur transformasiyasına yönəlməli və effektiv təşviqi təmin etməlidir. Əks halda, təşviqin təsiri qiymətləndirmələrdə tam görünməyəcək.
İqtisadi təşviqlər sadə mexanizmlərlə, marketinq və brendinq dəstəyi ilə birlikdə həyata keçirilir. Məqsəd layihələrin uğurla həyata keçirilməsi və bazara çıxışının təmin olunmasıdır. Layihələr üçün kurator tələb olunur, 1000 iştirakçı şəhərdə olmalıdır. Daha çox şəhərin iştirakını təmin etmək üçün tədbirlər görülür. Dövlət və sahibkarlar dəstək olmalı, bazar fəaliyyətini izləməli və qərarlarda düzgün iştirak etməlidir. İqtisadi və sahibkarlıq təsirini ölçmək üçün dörd əsas test var: bazar uğursuzluğu və marketinq testi, nəticə əsaslı idarəetmə testi, kontrafaktual və statistik təsir qiymətləndirməsi, xərclərin qiymətləndirilməsi testi. Testlər aparılmadıqda idarəetmə nəticəyə yönümlü olmur və fayda az olur. İctimai hesabatlılıq və anti-korrupsiya tədbirləri ilə şəffaflıq təmin edilməlidir”.
Arzu Poladova
