Azərbaycanda WUF13 keçirilməsi ilə bağlı müzakirələ aparılıb
UN-Habitat İcraiyyə Şurasının 2026-cı il 1-ci sessiyası 21-22 apreldə keçirilib. İclasda Azərbaycanın may ayında ev sahibliyi edəcəyi WUF13 əsas müzakirə mövzularından biri olub.
Hazırlıq işləri və forumun “təhlükəsiz və dayanıqlı şəhərlər” mövzusu vurğulanıb. Həmçinin mənzil siyasəti üzrə işçi qrupun planı və Azərbaycanın beynəlxalq tədbirlərdə fəal iştirakı qeyd edilib.
Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, Bakı şəhərinin ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu standartlarına görə, ekoloji tarazlığı və bioloji aktivliyi qorumaq məqsədilə şəhər ərazisinin ən azı yarısı yaşıllıqdan ibarət olmalı və hər bir sakin üçün əlçatan yaşıl sahələr təmin edilməlidir:
“Ümumdünya Şəhərsalma Forumu (WUF) konfransları və şəhərsalma ilə bağlı standartların tətbiqi çərçivəsində Azərbaycanın Bakı şəhəri növbəti konfransa ev sahibliyi etməyə hazırlaşır. Müasir dünyada əhalinin 50%-dən çoxunun şəhərlərdə yaşaması və kənd yerlərində əhalinin azalması fonunda tikinti zamanı müəyyən minimum standartlar qəbul edilir. Bu standartlara görə, şəhərsalma zamanı yaşıllıq əraziləri bütün şəhərin azı 50%-ni əhatə etməlidir. Ümumdünya Səhiyyə Təşkilatının normalarına əsasən, hər bir sakinə düşən yaşıl sahə minimum 9 kvadratmetr hesablanmalı, ideal formada isə bu rəqəm 50 kvadratmetr olmalıdır. Tikilən binalar ilə yaşıl ərazilər arasındakı məsafə maksimum 300–500 metr təşkil etməlidir. Torpaqdan istifadə zamanı bioloji aktivlik nəzərə alınmalı, quşların, heyvanların və bitkilərin qorunması üçün xüsusi rezerv zonalar yaradılmalıdır”.
Sadiq Həsənov qeyd edib ki, qərarlara baxmayaraq adambaşına düşən ərazi sahəsi normadan qat-qat aşağıdır:
“Təəssüf ki, Bakı şəhəri hazırda bu qaydalardan uzaqdır; Nazirlər Kabinetinin yeni tikilən binalarda ərazinin azı 40%-nin yaşıllaşdırılması barədə qərarına baxmayaraq, paytaxtda adambaşına düşən yaşıllıq cəmi 5–5.5 kvadratmetr təşkil edir ki, bu da beynəlxalq minimum normadan aşağıdır”.
Həmçinin ekoloq yaşıllıqların qorunması üçün əməl olunmalı qaydaları əlavə edib:
“Şəhərdə ekoloji tarazlığı qorumaq üçün mütləq yaxınlıqda su resursları və çaylar olmalı, evlərin su təminatı, kanalizasiya və yağış drenaj sistemləri layihələrdə qeyd edilməlidir. Bir çox ölkələrdə hətta yağış suyundan içməli su kimi istifadə olunur. Binaların inşasında enerji effektivliyi, evlərin izolyasiyası və qənaətçil işıqlandırma sistemləri əsas prinsiplərdən biridir. Həmçinin günəş panelləri və şəhər kənarında külək qurğularının quraşdırılması kimi alternativ energetika növləri şəhər planlaşdırılmasında mütləq nəzərə alınmalıdır”.
Ekoloq bildirib ki, şəhərlər planlaşdırılarkən yaşayış və sənaye sahələri düzgün bölünməli, ekoloji nəqliyyatdan istifadə edilməli və hər kəs üçün yaxın infrastruktur qurulmalıdır:
“Şəhərsalmada həm tikinti və sənaye müəssisələrinin salınması, həm də ictimai nəqliyyatın inkişafı xüsusi standartlarla tənzimlənir. İqtisadi zonalar ərazinin 40%-ni, yaşayış yerləri isə 30–50%-ni əhatə etməlidir. Nəqliyyatın əlçatanlığı təmin olunmalı və insanların uzaq məsafə qət etməməsi üçün infrastruktur yaxın qurulmalıdır. Hava mühitinin təmizliyi üçün dəmir yolu nəqliyyatına, tramvaylara və metropolitenə üstünlük verilməsi vacibdir. Avtobuslardan istifadə olunarsa, daha az yanacaq sərf edən elektrikli nəqliyyat vasitələrinə keçid stimullaşdırılmalıdır”.
Ekoloqun sözlərinə görə, İnsanların sağlamlığını qorumaq üçün sənaye zonaları ilə yaşayış binaları arasında yaşıllıq zolaqları salınmalıdır:
“Sənaye müəssisələri ilə yaşayış binaları arasında mütləq yaşıllıq zolaqları salınmalı, yol kənarlarında əkilən ağaclar həm havanı təmizləməli, həm də tozun qarşısını alaraq rütubətli mühit yaratmaqla insanların sağlamlığını təmin etməlidir”.
Aydan Əsgərxanlı