Azərbaycan cüdoçularından gözlənilən uğur
Azərbaycan cüdoçuları Belçikada keçirilən Beynəlxalq Açıq Turnirdə uğurlu çıxış edərək Azərbaycan Cüdo Federasiyasının razılığını qazanıblar. Yarış həm nəticələr, həm də gənc idmançıların özünü göstərməsi baxımından əhəmiyyətli olub.
Mövzu ilə bağlı idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında bildirib ki, cüdoçularımızın ikisi qızıl, üçü gümüş olmaqla on bir medal qazanması, təmsilçilərimizin həm Belçika turnirinə hazırlığının, həm də ümumi hazırlığının yüksək səviyyədə olduğunu göstərir:
"Bu, bir daha təsdiq edir ki, Azərbaycan Cüdo Federasiyasının fəaliyyəti həqiqətən də nümunəvidir və bu qurumda işlər beynəlxalq standartlara uyğun qurulub. Bu cür yarışlar gənc idmançılar üçün böyük təcrübədir - uğur əldə edən üçün də, istədiyinə nail ola bilməyən üçün də. Uğursuzluğa məruz qalan gənc harada yanlışlığa yol verdiyini, məşqçilərin hansı tapşırıq və tövsiyəsini düzgün icra etmədiyini və bu kimi mühüm məsələləri müəyyənləşdirə bilir. Gənclərdə peşəkar vərdişlərin formalaşmasında vacib olan bu məqamlar isə gələcəkdə daha keyfiyyətli milli komandanın olacağına inamı artırır, möhkəmləndirir. Düşünürəm ki, Belçika Açıq Turnirindəki nailiyyətlərin əhəmiyyəti konkret qarşıdakı hansısa yarışla məhdudlaşmır. Bu, idmançılarımızın bütövlükdə mövsüm ərzində təşkil olunacaq turnirlərdə daha yüksək nəticələr qazanacağına ümidləri artırır".
Zəhra Möhübbətova
