Azərbaycan Cənubi Avropanın yeni coğrafiyasının müəllifinə çevrilib
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Cənubi Kaliforniya Universitetinin Vaşinqton şəhərində fəaliyyət göstərən bölməsində “Azərbaycan: Enerji Siyasəti və Geosiyasət” mövzusunda professor-tələbə heyəti qarşısında çıxış edib.
Səfir Azərbaycan dövlətinin tarixi nailiyyətləri, geostrateji mövqeyi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. Xüsusilə, iqtisadi inkişafı, enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları sahəsində Azərbaycanın iştirakı ilə həyata keçirilən iri regional layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Trans-Avrasiya Super İnformasiya Magistralı layihələri auditoriyanın diqqətinə çatdırıb.
Azərbaycanın regionda məhz müstəqil və praqmatik dövlət kimi etibarlı tərəfdaş olduğunu qeyd edən diplomat Azərbaycanın həmçinin regionda müstəqil siyasət aparan, beynəlxalq hüquqa riayət edən, heç bir dövlətin daxili işlərinə qarışmayan, özünü təmin etmək imkanında olan, bərabər hüquqlu tərəfdaşlığa üstünlük verən ölkə olduğunu vurğulayıb.
Xəzərin zəngin karbohidrogen ehtiyatlarını dünya bazarlarına açan “Əsrin müqaviləsi”ndən 20 il sonra Azərbaycanın Prezidenti İlham Əliyevin təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi regional enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, bölgənin ümumi siyasi transformasiyasına təsir edib, əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verib. Bunun nəticəsi olaraq, Azərbaycan Cənubi Avropanın yeni coğrafiyasının formalaşmasının müəllifinə çevrilmişdir. Eyni zamanda, Azərbaycan Bakı-Supsa kəməri ilə Qara dəniz regionuna, Bakı-Tbilisi-Ceyhan kəməri ilə, hətta Gürcüstan Aralıq dənizi regionuna çıxıb, Cənub Qaz Dəhlizi vasitəsilə isə Xəzər, Qara, Aralıq və Adriatik dənizi məkanı yaradılıb. Bildirilib ki, Azərbaycan müstəqilliyin məsuliyyətini tam anlayaraq özünün inkişafı ilə bərabər regionun digər ölkələrinin inkişafına töhfə verir ki, bu xüsusiyyət regionda lider ölkələrə məxsus mövqeyi əks etdirir.
Azərbaycanın nümayəndəsi təəssüflə qeyd edilib ki, öz yanlış siyasəti nəticəsində regionun inkişafından kənarda qalan Ermənistan 20 ildən artıqdır ki, müstəqil dövlət kimi davrana bilmir. Bu isə rəsmi Yerevanın nə qədər öz xalqının gələcəyini düşündüyünü şübhə altına qoyur. E.Süleymanov son vaxtlar Şərqi Avropada, eləcə də Yaxın Şərqdə baş verən münaqişələrin yenidən kəskinləşməsinə istinad edərək böyük dövlətlərin daha məsuliyyətli yanaşmasının vacibliyini bildirib. O, qeyd edib ki, sabitlik və inkişaf olmayan yerlərdə radikallaşma meylləri daha çox nəzərə çarpır ki, Qərb dövlətləri, o cümlədən rəsmi Vaşinqton tərəfindən daha strateji, düşünülmüş və mövcud reallıqları nəzərə alan yanaşma əhəmiyyətlidir.
