00:00:00
Yazar
Admin User
18.01.2026 05:03 395 3 dəq oxuma
Media

"Azərbaycan dilinin ən böyük problemi özümüzük"

"Azərbaycan dilinin ən böyük problemi özümüzük"

Dil xalqın kimliyi, milli qürurudur. Təəssüflər olsun ki, bu gün əksəriyyət milli qürurumuzu korlayaraq öz məcrasından çıxarır. Aydın məsələdir ki, Prezident İlham Əliyev də bu yaxınlarda yerli televiziya kanallarına müsahibəsində məhz dil məsələsinə toxunub. Prezidentin bu müsahibəsindən sonra sanki adiyyəti qurumlar - Universitet, Televiziya kanalları və Dilçilik İnstitutları dil məsələsi ilə bağlı ciddi tədbirlər görməyə başladı. 

 

Məncə, problemin səbəbi məhz orta məktəblərdən başlayır. Uşağa yalnız Azərbaycan dilinin qrammatikasını əzbərlədib iki-üç sualla dil öyrətmək mümkün deyil. Dili aşılamaq, sevdirmək lazımdır. Əfsuslar olsun ki, bu gün bir çox universitet tələbələri Azərbaycan dilində düzgün şəkildə danışa bilmirlər. Kimisi hansısa hərfi deməkdə çətinlik çəkir, kimisi rus sözlərindən istifadə edir, kimisi isə, ümumiyyətlə, danışmaqdan çəkinir. Gündəlik həyatımızda "Tşk", "Ok", "Okey", "Da" kimi sözlər bizdə ayrılmaz bir bağ yaradıb. Bu da zaman keçdikcə dilimizin daha bərbad vəziyyətə düşməsinə səbəb olur. 

 

Hər kəsə məlumdur ki, Azərbaycan dili çox zəngin dillər sırasındadır. Sinonim, omonim, çoxmənalı sözlər sayəsində bir cümləni müxtəlif formalarda qarşımızdakına çatdıra bilərik. Bu da öz növbəsində dildə olan təkrarlığın qarşısını alır. Məsələn, "Şan" sözü. Arı şanı və şan-şöhrət məna tayları vasitəsi ilə omonimlik xüsusiyyəti daşayır. Bu sıraya "Balaq", "At", "Rəng", "Biz" kimi sözlər də daxildir. Digər bir problem isə söz bazasının olmamasıdır. Azərbaycan dilində təxminən 200-300 min arası söz olduğu qəbul edilir. Bəs biz o sözlərdən neçəsini bilmirik ? Təbii ki, əksəriyyətini. Bu da insanların kitab oxumamısından irəli gəlir. 

 

Tək problem bununla bitmir. Bu gün ölkəmizdə ali təhsil alan şəxslərin çoxunun Azərbaycan dilində düzgün yazmaq bacarıqları da yoxdur. Yazdıqları hər cümlədə fonetik, leksik və qrammatik yanlışlar edir, uzlaşma və zaman əlaqəsini, durğu işarələrinin işlənmə qaydalarını bilmirlər. Bu kimi məsələləri orta məktəb müəllimləri doğru şəkildə tədris etsələr, bu qədər ciddi problemlər də olmaz. Digər bir problem isə test üsulu ilə imtahanların keçirilməsidir. Belə olduğu halda insanların düşünmə qabiliyyətləri o qədər də inkişaf etmir. Test üsulunun 70%-i tədris edilən dərslə bağlı olduğu halda, 30%-i isə tapmaca üsulu kimi qiymətləndirilir. Əgər məktəblərdə yazı yazmaq bacarığı ilə yanaşı, nitq mədəniyyəti dərsləri də tədris olunsa, daha yaxşı və effektiv olardı.

 

Dil məsələsi ilə bağlı ən böyük məsuliyyətlərdən biri də media sahəsində çalışanların - jurnalistlərin üzərinə düşür. Məlum məsələdir ki, televiziya xalqın danışan dili, eşidən qulağı, görən gözüdür. Ona görə də, televiziyada eşidilən hər bir söz insanların gündəlik həyat ritminə böyük təsir edir. Bu gün televiziyalarda ən böyük problem isə aparıcıların dilindən deyilən yanlış, lüğətimizdə yer almayan sözlərdir. Məhz bu sözlər insanların gündəlik həyatında istifadə etdikləri lüğətə çevrilib. Hesab edirəm ki, bu problemlə bağlı atılan addımlar - təlimlər, monitorinqlər, görüşlər öz bəhrəsini verəcək. 

 

Mayıl Soltan

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər