Azərbaycanda orta aylıq əməkhaqqı 9 %-dən çox artıb
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin eyni dövrünə nisbətən 9,3 % artaraq 1 089,2 manat təşkil edib. 2025-ci il 1 dekabrdan ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 797,4 min nəfər olub, onlardan 869 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Mövzu ilə bağlı Bakı Ali Neft Məktəbinin kafedra müdiri Altay İsmayılov "İnformator.az"a açıqlamasında bildirib ki, ailə büdcəsinin artması isə birbaşa əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə gətirib çıxarır:
"Əməkhaqqı artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir göstərəcək. Çünki bu, onların gəlirlərinin və ailə büdcəsinin artması deməkdir. Ailə büdcəsinin artması isə birbaşa əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə gətirib çıxarır. Artım pensiyalara və təqaüdlərə də təsir edəcək. Hər il pensiyalar orta aylıq əməkhaqqının artım faizi qədər indeksasiya olunur. Yəni, əgər burada 9–9,3 faizlik artım varsa, pensiyalarda da bu nisbətdə artım olacaq. Bu artımı təxminən 1 milyondan çox pensiya alan şəxs öz pensiya məbləğində hiss etmiş olacaq. Lakin diqqət çəkilməli vacib bir məqam var. Gəlirlərin 9,3% artımından danışarkən mütləq şəkildə inflyasiya nəzərə alınmalıdır. Çünki inflyasiya faizi qədər artım faktiki olaraq qiymətlərin bahalaşması deməkdir. Gəlirdəki nominal artımın bir hissəsi qiymət artımı ilə kompensasiya olunur. İşçi qüvvəsinin cəlbi üçün əməkhaqqı artımı vacib şərtlərdən biridir. Əks halda, keyfiyyətli kadrların cəlb edilməsi mümkün olmur".
Ekspertin sözlərinə görə, tələb artdıqca istehsalın genişləndirilməsinə ehtiyac yaranır:
"Bundan əlavə, bir sıra büdcə təşkilatlarında əməkhaqqı fondunun artırılması, eləcə də ötən ilin əvvəlində minimum əməkhaqqının artırılması
ümumi əməkhaqqı artımına təsir göstərmiş əsas amillərdir. i
İnflyasiyanın mövcud olduğu iqtisadi şəraitdə əməkhaqqının artacağına dair gözlənti formalaşır. Əgər əməkhaqqı artırılmasa, bu, insanların real gəlirlərinin azalmasına gətirib çıxarar. Birbaşa olaraq,
əməkhaqqının artmasının işsizliyin azalmasına təsir göstərəcəyini gözləmək doğru olmaz. Çünki bu iki göstərici arasında birbaşa iqtisadi əlaqə yoxdur. Lakin dolayı təsirlər mövcuddur. Belə ki, əməkhaqqı artdığı zaman insanların istehlak səbəti genişlənir və onlar daha çox məhsul almağa başlayırlar. Bizim kimi iqtisadiyyatlarda əməkhaqqı əsasən yığıma deyil, birbaşa istehlaka yönəlir. Bu isə bazarda məcmu tələbin artmasına səbəb olur. Tələb artdıqca istehsalın genişləndirilməsinə ehtiyac yaranır və bu da yeni iş yerlərinin açılmasına gətirib çıxara bilər. İşsizliyin azalmasına birbaşa təsir göstərən əsas amil investisiyaların artmasıdır. Yeni istehsal sahələri, zavod və fabriklər yaradılmalı, ümumilikdə sağlam və əlverişli iqtisadi mühit formalaşdırılmalıdır ki, işsizliyə davamlı və müsbət təsir göstərə bilsin".
Xədicə Məhərrəmli
