“Azərkosmos”un ixrac gəlirləri azalıb
2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycan Kosmik Agentliyi – “Azərkosmos” dünyanın 43 ölkəsinə 18,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu göstərici 2024-cü illə müqayisədə 2,2% azdır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib ki, hazırda açıq mənbələrdə olan məlumatlar əsasında “Azərkosmos”un peyk gəlirlərinin və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlərin aylar üzrə volatilliyini, gəlirlərin azalması və yaxud da artım istiqamətində dinamikasını, eləcə də səbəblərini təhlil etmək üçün imkanlar yaratmır:
“Düşünürəm ki, burada bir sıra faktorlar təsiredici rol oynaya bilər: müqavilələrin şərtlərinin dəyişməsi, xidmət göstərilən müştərilərin sayında dinamikanın dəyişməsi, qiymət dəyişiklikləri, eyni zamanda xidmətlər üzrə yaranan hər hansı çatışmazlıqlar səbəbindən ödənişlərdə diskontların verilməsi və yaxud da ödənişlərin müqavilə şərtlərinə uyğun olaraq müxtəlif reqlamentlərlə təqdim edilməsindən yaranan nağd vəsait axınları. Həmçinin, bütövlükdə götürəndə, dünya bazarlarında rəqabət şərtləri, xidmət keyfiyyətinin səviyyəsi və xidmətlərin davamlılıq keyfiyyətinin təmin edilməsi məsələsi bu bazarda gəlirlərin əldə olunmasına birbaşa təsir göstərən amillərdir. Əlbəttə ki, bu bazarda rəqabətlilik kifayət qədər yüksəkdir və xüsusilə də yüksək texnologiyalar və yüksək texnologiya xidmətləri sahəsində Azərbaycanın idarəetmə təcrübəsinin aşağı olması amili nəzərə alınarsa, bu halların da müəyyən qədər təsirləri mümkündür. Amma açıq mənbələrdə olan məlumatlara görə, bu peyklərin tutumundan istifadə səviyyəsi normaldır. Təbii ki, gəlirlərin artırılması məqsədilə rəqabətli şəraitdə həm xidmət keyfiyyətinin sabit saxlanılması və yaxud da artırılması ilə bağlı təkmilləşdirmələr, həmçinin eyni zamanda fərqli bazarlarda xidmətlərin göstərilməsi sahəsində təşəbbüslərin artırılması və daha rəqabətli qiymətlərlə xidmətlərin təklif edilməsi, o cümlədən peyklərin birdəfəlik tutumundan istifadə səviyyəsinin artırılması kimi istiqamətlərdə addımlar atmaqla gəlirləri müəyyən səviyyədə artırmaq olar. Amma nəzərə almaq lazımdır ki, bu istiqamətdə mövcud infrastrukturla gəlirlərin artırılmasının müəyyən bir yuxarı həddi vardır, yəni bu tutumlardan istifadə səviyyəsi hazırkı şərtlər daxilində pis deyil və burada az bir limit var ki, bu istiqamətdə nəticələrin əldə edilməsinə təsir göstərə bilər. Amma gələcəkdə əgər bu sahədə gəlirlərin artırılması nəzərdə tutulursa, əlbəttə ki, bu zaman yeni infrastrukturların yaradılması layihələri də həyata keçirilməlidir. Lakin bu məsələlər ciddi şəkildə iqtisadi əsaslandırma aparılmaqla icra olunmalıdır. Çünki zaman keçdikcə bu sahədə rəqabət artır və xidmət qiymətləri aşağı düşür, amma ümumi götürəndə layihələrin özü xərc tutumlu layihələrdir və reinvestisiya tələb edir. Belə bir şəraitdə vəsaitlərin fərqli istiqamətlərə yönəldilməsi ilə marjinal mənfəətin müqayisəsinin aparılması, mənfəət səviyyələrinin müqayisəsi əsasında qərarların qəbul edilməsi daha doğru olar. Çünki ilkin dövrlərdə Azərbaycan bu istiqamətdə təşəbbüsləri daha çox məhz təhlükəsizlik, məlumat axınlarının təmin edilməsi, kəşfiyyat və sair məqsədlərlə həyata keçirirdi. Amma hazırda artıq bu xidmətlər mövcuddur, Azərbaycan bu istiqamətdə öz təminatını ödəyir və düşünürəm ki, bundan sonrakı dövrdə əlavə infrastrukturun formalaşması, peyklərin sifariş verilməsi və xidmətlərin təşkili məsələləri daha rasional əsaslarla gücləndirilərək qərarlar qəbul edilməlidir”.
Aişə Mustafayeva
