AzTV-dən üzr istənilib
05 noyabr 2025-ci il tarixdə “Metbuat.az” xəbər portalında "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC ilə bağlı məqalə dərc edilib. "Mətbuat.az" xəbər verir ki, “AzTV sədri buna görə vurulurmuş” başlığı ilə yayımlanan məqalə redaksiyamıza göndərilən məlumatlar əsasında hazırlanıb.
"İnformator.az" xəbər verir ki, “Metbuat.az” xəbər portalı bəyan edib ki, sözügedən məlumatın hazırlanmasında və saytda yerləşdirilməsində heç bir mənfi niyyəti olmayıb:
"Təəssüf ki, hazırladığımız məqalə sosial şəbəkə platformalarında mövcud olan bir sıra qruplar və səhifələr tərəfindən təkrarən paylaşılarkən, ona əsası olmayan əlavələr edilib, təhriflərə yol verilib. AzTV-nin və onun rəhbərliyinin fəaliyyətinə kölgə salmaqdan uzağıq. Hazırladığımız xəbərin manipulyasiya edilməsinin, AzTV-yə qarşı aparılan qərəzli kampaniyaya alət edilməsinin qarşısını almaq üçün onu “Metbuat.az”ın səhifəsindən sildik.
Apardığımız araşdırma zamanı məlumat təsdiqini tapmadığı üçün xəbəri təkzib edirik. Bu vacib məqamı oxucularla bölüşməklə yanaşı, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə üzrxahlığımızı bildirib, onların peşəkar kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb, fikirlərini işıqlandırmağa hazır olduqlarını bəyan edirik.
