00:00:00
Yazar
Bəsti Nəsibova
06.07.2026 11:40 49 1 dəq oxuma
Sosial

Bərdə şəhərində növbəti maarifləndirmə tədbiri uğurla keçirilib

Bərdə şəhərində növbəti maarifləndirmə tədbiri uğurla keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Könüldə Nur” Kimsəsizlərin və Xüsusi Qayğıya Ehtiyacı Olanların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirmə” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Bərdə şəhərində, Bərdə Şəhər Bələdiyyəsinin iclas zalında təşkil olunub.

Tədbirdə layihə rəhbəri, “Könüldə Nur” Kimsəsizlərin və Xüsusi Qayğıya Ehtiyacı Olanların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Könül Qasımova, layihənin təlimçisi, politoloq-pedaqoq Zülfiyyə Qasımova və Bərdə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Ədalət Əhmədov iştirak ediblər.

Maarifləndirmə görüşünə 30-dan çox xüsusi qayğıya ehtiyacı olan uşağın valideyni və müəllim qatılıb. Tədbir zamanı iştirakçılara xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafı, təhsili, hüquqları, sosial inteqrasiyası və ailələrin üzərinə düşən məsuliyyətlər barədə ətraflı məlumat verilib. Görüş interaktiv formatda keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda iştirakçılar üçün çay süfrəsi təşkil olunub. Səmimi şəraitdə davam edən görüş zamanı xatirə şəkilləri çəkilib, layihənin növbəti mərhələləri və gələcək fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb.

Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması, sosial-psixoloji dəstəklə təmin olunması, cəmiyyətə inteqrasiyasının təşviqi və ailələrin daha fəal ictimai iştirakının dəstəklənməsidir.

#xəbər #baki #növbəti #bərdə #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər