00:00:00
Yazar
Admin User
04.02.2026 19:26 77 5 dəq oxuma
İqtisadiyyat

Bakıda qızıl bazarında "oynayan" qiymətlər

Bakıda qızıl bazarında "oynayan" qiymətlər

Qlobal bazarlarda qızılın qiymətində son vaxtlar kəskin dalğalanmalar müşahidə olunur. Fevralın 3-ə olan məlumata görə qızılın bir unsiyasının qiyməti 4 943 dollar təşkil edir ki, bu da öncəki günlə müqayisədə 291 dollar artım deməkdir.

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında iqtisadçı Elman Sadıqov bildirib ki,qızılın qiymətini müəyyən edən 7 amil olsa da, bunların içərisində ən böyük paya malik olanları, əsasən, geosiyasi risklər, faiz siyasəti və dolların dəyəridir:

 

"Son günlərin kəskin artımı dedikdə dünya bazarlarında bir unsiya qızılın qiymətinin 5,500 dollara qədər yüksəlməsi nəzərdə tutulur. Yəni bir unsiya qızılın qiyməti özünün maksimum 5,550 dollar həddinə çatdıqdan sonra yanvar ayının 30-da Donald Tramp FED sədrliyinə namizədi olaraq Kevin Vorşu göstərdi. Kevin Vorşun namizədliyi isə bazarlarda şok effekti yaradıb. Çünki dünya bazarlarında böyük investorlar bilirlər ki, Kevin Vorşun təxmini siyasəti nədən ibarət olacaq. O, Trampın istəklərinə uyğun olaraq faizləri aşağı salacaq, lakin faizlərin aşağı salınması həm də dolların kəskin şəkildə dəyərdən düşməsi deməkdir ki, artıq hazırda bir çox investorlar bununla bağlı narahatlıqlarını ifadə ediblər. Kevin Vorş isə qeyd mesajlar verib ki, mən faizləri aşağı salacağam, çünki bu büdcə kəsrini aşağı salmaq üçün çox vacibdir. Əlbəttə, Tramp da bunu istəyir və faizlərin aşağı salınması isə büdcə kəsirinin azalmasına töhfə verəcək. Amerika Birləşmiş Ştatları dövlət borclarına xidmət məqsədilə il ərzində 1 trilyon dollardan çox pul xərcləyir. Əgər faizlər hazırki həcmindən, yəni 3.5-3.75 faizdən təxminən 3-ə və yaxud da 2.5-ə düşərsə, büdcə xərcləmələrinə müsbət təsir edəcək. Hesablamalar göstərir ki, dolların uçot faiz dərəcəsinin hər faiz bəndi düşməsi Amerika büdcəsinə 300 milyard dollar qənaət deməkdir. Tramp hazırda faizləri endirməklə ən çox bu xərcləri kəskin şəkildə azaltmaq istəyir.

 

Nəticə etibarilə faizlərin düşməsi artıq qaçılmaz olur, lakin faizlərin düşməsi dolları dəyərdən saldığı üçün Kevin Vorş deyir ki, həm də FED-in balansını aşağı salacaq. Balansın azaldılması o deməkdir ki, dolları dövriyyədən çəkəcək. Dövriyyədən dolların çəkilməsi isə nəticə etibarilə yenidən dollara dəyər qazandırmaqdır. Yəni aşağı faiz, dolların faizinin aşağı düşməsi və üstəgəl dolların dövriyyədən yığılması həm aşağı faizli dollar, həm də dəyərli dollar yaranır. Bununla da dolların kəskin dəyərdən düşməsinin qarşısını alır və nəticə etibarilə dollar təklifinin azalması isə əmtəə bazarlarına, əmtəə qiymətlərinə ciddi təsir göstərə bilər. Böyük investorlar bunu hesabladılar və konkret olaraq ciddi bir şok effekti olub.

 

Lakin 02 və 03 fevral tarixlərində faktik olaraq bazarlar yavaş-yavaş özünə gəlməyə başladı və düşündülər ki, dünya bazarlarında risklər qalmaqdadır, geopolitik risklər qalır, çünki qızılın qiymətinə ən çox təsir göstərən amillərdən biri də qeyd etdiyimiz kimi geopolitik risklərdir. Qeyd edək ki, qızılın qiymətinə təsir edən amillər içərisindən inflyasiya amili çıxarılıb. Ən çox təsir göstərən amil geopolitik risklərdir ki, həmin amilin tez-tez dəyişməsi səbəbindən qızılın qiymətində volatillik də artıb. Hazırda qızılın qiymətində əsas istiqamət, trend barədə investorlar arasında ciddi tərəddüd və şübhələr də artmaqdadır. Son günlərin hadisələri qızılın qiymətlərində artım tempini zəiflətməklə yanaşı, müəyyən şübhələr və ehtiyatlı mövqelər də formalaşdırıb”.

 

 Həmçinin ekspert bildirib ki,qızılın qiyməti geopolitik risklər və bazar psixologiyası ilə formalaşır:

 

"Bu qiymət dəyişiklikləri dünya iqtisadiyyatına və investor davranışlarına təsir göstərə bilər. Əlbəttə, dünya iqtisadiyyatına müəyyən dərəcədə təsir göstərir, amma daha çox burada önəmli olan məsələ nədir? İnvestor davranışlarıdır. Ümumiyyətlə investorlar daha ehtiyatlı davranış nümayiş etdirməyə başlayıblar və hadisələrin müəyyən dərəcədə aydınlaşmasını gözləyirlər. Hazırda davam edən volatillik bir müddət sonra tədricən qiymət sabitliyi ilə əvəz oluna bilərr. Amma bu şərtlə ki, dünyada geopolitik sahədə müəyyən dərəcədə sabitliklər olsun. Lakin nəzərə alaq ki, müəyyən qədər hələ çox suallar açıq qalır. FED-in may ayından sonrakı siyasətinin nə dərəcədə təsir göstərəcəyi hələ sual altındadır.

 

Bütün bunların hesablanmasından sonra qızılın qiyməti dünya bazarlarında həm kəskin şok effektləri göstərir, həm də müəyyən dərəcədə təsirini azaldır. Amma hər bir halda qızılın qiymətinin müəyyən dərəcədə korreksiya xarakterli düşməsi də istisna edilə bilməz. Doğrudur, ABŞ qızılın qiymətinin enməsində maraqlı deyil. Lakin kəskin artımın davam etməsi ciddi siyasi-iqtisadi təsirlərə malikdir. Bu səbəbdən hazırda qızılın qiyməti aşağı və ya yuxarı kəskin dəyişikliklər üçün müəyyən dərəcədə tərəddüdlüdür. Amma ümumilikdə götürdükdə, qızılın qiyməti proqnozlaşdırılarkən hansı modellərdən istifadə olunur, hansı əsas amillər var, hansı təsir meyarları var və hər bir amilin təsir dəcərəsi nə qədərdir sualları texniki məsələdir. Hər bir halda böyük investorlar bu məsələləri mütləq nəzərə alırlar.

 

Qızılın qiymətinin artımının iqtisadiyyatımıza təsirinə gəlincə. Bildiyimiz kimi, Azərbaycanın neft fondunun qızıla investisiyası artıb və qızılın qiymətinin artımı strateji valyuta ehtiyatlarımızın artması deməkdir. Yəni qiymətin artması fondun valyuta ehtiyatlarının artması ilə nəticələnir. Amma ümumilikdə götürdükdə, qızılın qiymətinin artırılması büdcə gəlirlərinə müsbət təsir göstərməlidir. Çünki bizdə həm də qızıl hasil olunur. Amma hər bir halda qızılın qiymətinin artımı dolayı yolla orta və uzun müddətə ölkələrdə inflyasiya tətikləyən amil kimi nəzərə alınır.

 

İqtisadiyyata təsiri hazırda böyük deyil, amma müəyyən müddətdən sonra qızılın satılıb müəyyən istiqamətlərə yönəldilməsi mümkündür. Burada müsbət tərəflərə baxmaq lazımdır, bir çox insanlar qızılın qiymətinin artması səbəbindən əlindəki qızılı sataraq qiymət artımından faydalanır. Dünyada bəzi xarici qızıl istehlakçısı olan ölkələr, məsələn Hindistan, zinət əşyalarına olan tələbi azaldıb, amma dünya banklarının və fondların artan tələbi bunu kompensasiya edir. Yeri gəlmişkən, istər ölkəmizdə, istərsə də əksər dünya ölkələrində qızıl-zinət əşyalarına tələb azalıb, lakin sikkə və külçələrə tələb artıb. Yəni hazırda qızıla daha çox investisiya aləti kimi baxılır.

 

Hələlik qızıl ilə bağlı məsələlər daha çox pozitiv yöndədir. Amma qiymətlərin izlənilməsi və qızılın qiymətinə təsir göstərən hər hansı indikator zəiflik göstərərsə, qızılın qiymətinin enişi də gündəmə gələ bilər. Hələlik bu indikatorlarda zəiflik yoxdur. Bazarın özündə isə psixologiya mühüm rol oynayır. Hazırda qızıla yalnız mərkəzi banklar və fondlar tərəfindən deyil, həm də spekulyativ alət kimi kiçik investorlar vasitəsi ilə investisiya qoyurlar. Qızılın kəskin qiymət enişi isə, bazarda investorların davranışından da asılıdır. Qızılın qiyməti aşağı düşdükcə, əlində qızılı olanlar onu sata bilər, bu isə qiymətin daha sürətli düşməsinə səbəb ola bilər. Bu bilərəkdən də, bilməyərəkdən də ola bilər.

 

Hər bir halda qızılın qiymətinin ciddi izlənilməsi, indikatorların hesablanması və təsirlərin öyrənilməsi çox vacibdir. Risklər yüksəkdir və qiymətlərlə bağlı heç kim vasitəsi ilə tam təminat verərək məsləhətlər vermək doğru olmaz. Məsələn, kiməsə tövsiyə etmək doğru deyil ki, qızıla investisiya qoyun və ya qoymayın. Hər bir investor özünə uyğun olaraq qızılın qiymətinə, dünya bazarlarını izləməyə və yatırımın təhlükəsini qiymətləndirməyə diqqət etməlidir".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər