Bakıda yaşayış binası yanır
Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binası yanır.
İnformator Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi davam edir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, "Azadlıq" prospektində yerləşən binada baş verən yanğın nəticəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Şövkət Məmmədova küçəsindən istifadə etmələri tövsiyə olunur.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər ki, baş verən yanğınla bağlı çoxlu sayda briqada hadisə yerinə cəlb olunub.
10-dan artıq təcili yardım maşını hadisə yerindədir.
Yanğın zamanı xəsarət alanlar və ölənlər barədə hələki məlumat yoxdur.
Yanğının söndürülməsinə bir helikopter də cəlb edilib. Hadisə yerində 10-dan artıq yanğınsöndürən maşın var.
Səhiyyə Nazirliyindən bildiriblər ki, yanğın nəticəsində hazırda biri azyaşlı olmaqla 2 nəfər ölüb. 15 yaralı isə qeydiyyata alınıb.
Hazırda hadisə yerində təcili yardımın 30 briqadası işləyir.
