“Balını artırırıq” vədləri ilə abituriyentlər necə aldadılır?
Ali məktəblərə qəbul imtahanları ərəfəsində bəzi dələduzlar abituriyentlərin və valideynlərin narahatlığından istifadə edərək onların etibarını qazanmağa çalışırlar. Sosial şəbəkələr və mesajlaşma tətbiqləri vasitəsilə “bal artırma”, “nəticəyə müdaxilə” kimi yalan vədlər verən şəxslər şəxsi məlumatlar və pul tələb edirlər.
Mövzu ilə bağlı İT Mütəxəssisi Elvin Həsənov “İnformator.az” a açıqlamasında bildirib ki, şəxsi məlumatları qorumaq dələduzluqdan qorunmağın ən vacib yoludur:
“Əfsuslar olsun ki, qəbul imtahanları dövründə ən çox rast gəlinən dələduzluq üsullarından biri balın artırılması, sistemdə düzəliş edilməsi və ya imtahan nəticəsinə təsir göstərilməsi ilə bağlı verilən yalan vədlərdir. Bu cür şəxslər yaxşı bilirlər ki, həm abituriyentlər, həm də valideynlər həmin dövrdə emosional gərginlik yaşayır və bəzən çıxış yolu axtarırlar. Dələduzlar da məhz bu həssas məqamdan istifadə etməyə çalışırlar. Adətən onlar əvvəlcə sosial şəbəkələrdə və ya messencerlərdə etibar qazanmağa çalışır, özlərini hansısa qurumla əlaqəli şəxs, İT mütəxəssisi və ya sistemə çıxışı olan biri kimi təqdim edirlər. Daha sonra müxtəlif bəhanələrlə şəxsiyyət vəsiqəsi məlumatları, imtahan iştirakçı kodları, telefon nömrələri və ya müəyyən məbləğdə pul tələb edirlər. Halbuki qəbul sistemləri ciddi nəzarət və təhlükəsizlik mexanizmləri ilə qorunur və hər hansı şəxsin pul müqabilində nəticəni dəyişdirə bilməsi real deyil. Burada maraqlı bir psixoloji məqam da var: dələduzlar insanları texniki biliklə deyil, ümidlə aldadırlar. Onlar qurbanın “bəlkə mümkündür” düşüncəsindən istifadə edirlər. Əslində isə nəticəyə qanunsuz müdaxilə edə biləcəyini iddia edən şəxsin özü artıq şübhə doğurmalıdır. Sosial şəbəkələrdə belə hesabları tanımaq üçün diqqətli olmaq lazımdır. Əgər kimsə açıq şəkildə “bal artırıram”, “imtahan nəticəsinə təsir edirəm” və ya “100 faiz zəmanət verirəm” deyirsə, bu artıq təhlükə siqnalıdır. Rəsmi qurumlar heç vaxt bu cür xidmət göstərmir və nəticələrin dəyişdirilməsi ilə bağlı vasitəçilik fəaliyyəti həyata keçirmirlər. Valideynlər və abituriyentlər başa düşməlidirlər ki, şəxsi məlumatlar da pul qədər dəyərlidir. Bu məlumatlar sonradan başqa dələduzluq sxemlərində istifadə oluna, müxtəlif saxta müraciətlər üçün baza rolunu oynaya bilər. Buna görə də şəxsi məlumatların paylaşılmasına və şübhəli təkliflərə qarşı son dərəcə ehtiyatlı yanaşmaq vacibdir”.
Arzu Poladova