Bank borclunun maaşından nə qədər vəsait tuta bilər?
Son illər ölkədə kredit götürən vətəndaşların sayı artmaqdadır. Kredit götürənlər artdıqca bu problemli kreditlərin də sayına təsir edir. Borcunu vaxtında ödəyə bilməyənlərin isə maaş və ya pensiyalarından tutulmalar həyata keçirilir. Bəs banklar bu vəsaiti hansı qaydada tuta bilər? Əməkdaşımız Lalə Qafarova mövzunu araşdırıb, qaranlıq qalan məqamlara aydınlıq gətirib.
Vətəndaşlar problemli kreditlərlə bağlı bankın atacağı addımlardan xəbərdardırmı?
Samirə Əliyeva düşünür ki, faizlər olduqca yüksəkdir:
“O götürülən məbləğə baxır, bir də aldığın maaşa baxır. Faizlər çox yüksəkdir. Çünki bilirsiniz ki, əhalinin gəlir mənbəyi var. Ən minimum məbləğ var. O minimum məbləğlə banklardan alınan faizlər üst-üstə düşmür. Bank da müstəqildir, dövlətdən maliyyələşmir. Özü-özünü ayaqda tutmaq üçün hansısa bir yola əl atmalıdır. İstəyərdim halallıq olsun, halal banklar olsun”.
Digər həmsöhbət olduğumuz vətəndaş Kənan Abdullayevin fikrincə isə:
“Baxır nə qədər ödəmir, neçə ay ödəmir. Məsələn, altı ayı keçibsə, 50 % tuta bilər, yəqin ki. Əmək haqqının 50%-ni. 50% də qalır onun yaşamağına”.
Vətəndaşları əsas maraqlandıran məsələlərdən biri isə "banka borcu ödəmədiyi halda onun maaşının neçə faizinin tutulmasıdır?". Elə bu sualla mütəxəssisə müraciət etdik.
"İnformator.az”a müsahibəsində Əkrəm Həsənov qeyd edib ki, məhkəmə qərarı ilə gəlirin 50 %-i tutula bilər:
“Məhkəmə qərarı varsa, məhkəmə qərarı ilə həmin gəlirin 50 %-i tutula bilər. Əgər borclunun aliment ödənişləri də varsa, aylıq gəlirinin 70 %- dək. Şəxsin borcu onun maaş və ya pensiya kartının olduğu bankdadırsa, bu halda həmin banklar maaşı və yaxud pensiyanı tam çıxırlar - 100 %. Yəni məhkəməyə vermədən, məhkəmə qərarını gözləmədən çıxırlar. Bu da ona görə baş verir ki, şəxslə müqavilədə göstəriblər ki, sabahları borcunu mənə vaxtında tam ödəməsən, mən sənin maaşını və yaxud da pensiyanı tam çıxacam”.
Göründüyü kimi bəzi banklar borclunun maaşını və yaxud pensiyasını verirsə, bundan istifadə edərək vəsaitin 100 %-ni borca yönəldə bilir. Bəs bu kimi hallar qanunvericiliyə nə dərəcədə uyğundur?
Məsələ ilə bağlı Azərbaycan Banklar Assosiyasiyasına müraciət etdik. Qurumdan bildirildi ki, “İcra haqqında Qanuna” əsasən məhkəmə qərarlarının və ya məcburi qaydada qanunvericilikdə nəzərdə tutulan icra sənədinə bərabər olan digər qərarlar icra olunur. Yəni hüquqi əsaslar “İcra haqqında Azərbaycan Respublikasının Qanunudur”. Həmin qanuna görə normalda bir qayda olaraq, pensiyalardan və maaşlardan tutulma həyata keçirilə bilər. Şəxsin pensiya və maaşının əlli faizindən çox ola bilməz.
Kredit müqaviləsinin müddəti ərzində faizlər müqavilədə göstərilən qədər üzərinə gəlir. Müddət bitəndən sonra isə borcun üzərinə illik 5 faizdən gəlməkdə davam edir.
Lalə Qafarova
