Bank kartı fırıldaqları
Son dövrlər bank kartları ilə bağlı fırıldaqçılıq halları artmaqdadır. Naməlum zənglər, saxta SMS və linklər vasitəsilə vətəndaşların kart məlumatları ələ keçirilir, nəticədə hesabdan icazəsiz vəsait çıxarılır. Mütəxəssislər bildirir ki, bu cür halların çoxalmasının əsas səbəblərindən biri rəqəmsal savadlılığın yetərli olmaması və təhlükəsizlik qaydalarına laqeyd yanaşmadır.
Mövzu ilə bağlı İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə ekspert Elvin Abbasov “İnformator.az”a açıqlamasında qeyd edib ki, bank kartı fırıldaqçılığı Azərbaycanda son dövrlər mürəkkəb formalara keçib:
“2025-ci ilin statistikasına əsasən, ölkədaxili kart fırıldaqlarının 99%-dən çoxu məhz elektron ticarət və mobil tətbiqlər üzərindən həyata keçirilir. Ən çox rast gəlinən üsul "fişinq"dir (phishing). Dələduzlar "Kapital Bank", "ABB" kimi populyar bankların adından istifadə edərək saxta kompaniyalar, "sosial yardım" və ya "kartın bloklanması" xəbərdarlığı ilə vətəndaşları tələyə salırlar. Bu hallarda istifadəçi saxta linkə daxil olur və kartın 16 rəqəmi ilə yanaşı, ən kritik məlumat olan CVV/CVC kodunu və ya SMS-lə gələn OTP (birdəfəlik şifrə) kodunu öz əlləri ilə cinayətkara təqdim edir. Vətəndaşlar bilməlidir ki, heç bir bank nümayəndəsi telefon zəngi və ya SMS vasitəsilə sizdən kartın bitmə müddətini, arxasındakı 3 rəqəmli kodu və ya gələn təsdiq şifrəsini istəməz. Saxta bildirişləri real olandan ayırmağın ən sadə yolu təcililik və qorxu faktorudur. Dələduzlar adətən "hesabınızdan pul çıxılır, dərhal təsdiq edin" kimi ifadələrlə sizi panikaya salmağa çalışırlar. Həmçinin, rəsmi bank linkləri həmişə "https://" ilə başlayır və ünvan hissəsində bankın adı düzgün yazılır. Məsələn, saxta saytlarda "kapiitalbank.az" kimi kiçik hərf dəyişiklikləri olur. Ən etibarlı müdafiə üsulu istənilən şübhəli halda dəstəyi asıb, bankın rəsmi qaynar xəttinə (məsələn, 196, 935 və s.) şəxsən zəng etməkdir”.
Cavahir Əsgərbəyli
