00:00:00
Yazar
Admin User
18.11.2025 17:59 138 6 dəq oxuma
Sosial

Bədən dili ilə insanları anlama texnikaları

Bədən dili ilə insanları anlama texnikaları

İnsanların bir-biri ilə ünsiyyəti yalnız sözlərdən ibarət deyil. Tədqiqatlara görə, qarşı tərəfə ötürdüyümüz məlumatın 60-70%-i bədən dili vasitəsilə çatdırılır. Jestlər, mimikalar, oturuş-duruş, səs tonu və baxışlar insanın emosiyalarını, niyyətini və hətta yalan danışıb-danışmadığını açıq şəkildə göstərir. Bədən dilini düzgün oxumaq isə həm şəxsi münasibətlərdə, həm iş həyatında, həm də gündəlik sosial ünsiyyətdə güclü üstünlük yaradır.

 

Bu mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “İnformator.az”a bildirib ki, biz qarşıdakı insanın hansı şəraitdə böyüdüyünü, hansı təcrübələrdən keçdiyini bilmirik:

 

“Bəzi insanlar uşaqlıq dövründə hər hansı fikri səhv deməkdən, yanlış ifadə etməkdən qorxaraq böyüyüblər. Məsələn, valideyn övladına “doğru danış”, “düzünü de” deyərək onu sıxışdırırsa, bu hal uşaqda avtomatik olaraq qorxu yaradır. Uşaq doğruları söyləsə belə, həmin qorxu səbəbindən bədəni sıxılır, çiyinləri aşağı düşür, səs tonu zəifləyir və ifadələri qırıq-qırıq formada səslənir. Əgər uzun müddət “yalan demə, yalan danışma” kimi təzyiqlər eşidilirsə, insan düzgün danışdığı halda belə həyəcan keçirə bilər. Buna görə də bəzilərində uşaqlıqdan qalan bu qorxu və həyəcan hissləri hər hansı fikri ifadə edərkən bədən dilinə təsir göstərir: mimikalarda fərqlilik yaranır, səs tonunda tərəddüdlər olur, danışıq hecalar üzrə qırılır. Yəni heç vaxt “bədən dili həmişə doğruya işarə edir” deyə bir qayda yoxdur. Biz yalnız təqribi dəyərləndirmə apara bilərik. İnsan bədən dili, mimikalar, səs tonu vasitəsilə müəyyən işarələr verə bilər, lakin hiss etdiklərimiz hər zaman reallığı tam əks etdirməyə bilər. Bundan əlavə, insanın böyüdüyü mühit, aldığı tərbiyə və psixoloji vəziyyəti də onun bədən dilinə ciddi təsir göstərir. Sosial təcrid olunmuş, qorxuları olan, fikrini deyəndə cəzalandırılan uşaq böyüyəndə eyni həyəcanı davam etdirə bilər. Bəzən dediyimiz sözlərlə bədən dilimiz bir-birini təsdiqləmir. Bəzi insanlar bunu gizlətməyə çalışsalar da, bir müddət sonra bədən dili yenə də həqiqəti göstərməyə başlayır. Məsələn, “yaxşıyam” desək də, səs tonumuz, baxışlarımız, gözlərimizin içi və bədənimiz bunun əksini göstərə bilər. Eyni şəkildə “inciməmişəm” və ya “qorxmadım” desək də, əgər bədən dilimiz əks reaksiyalar verirsə, qarşımızdakı insan bunu hiss edir-göz qaçırmaq, qeyri-sabit mimikalar, çiyinlərin düşməsi və s. Əgər psixoloji olaraq gərginiksə, bu gərginlik mütləq şəkildə bədən dilimizə də yansıyır. Amma elə insanlar da var ki, bu reaksiyaları müəyyən müddət gizlədə bilirlər. Yalnız həmin mühitdən uzaqlaşdıqdan sonra öz emosiyalarını sərbəst buraxırlar. Bu uyğunsuzluq psixologiyada “duyğu-davranış disarmoniyası” adlanır. Səbəbləri isə əsasən uşaqlıqdan yaranmış vərdişlər ola bilər: hissləri gizlətmək, “yox” deməyi bacarmamaq, cəzalandırılmaq qorxusu, yanlış anlaşılmaq hissi və s. Bədən dilinin formalaşmasında uşaqlıq travmaları və keçmiş təcrübələrin rolu çox böyükdür. Əgər uşaq tənqid olunubsa, qorxu içində böyüdülübsə, şərtli sevgi ilə qarşılaşıbsa, sosial təcrid edilibsə və ya daim nəzarət altında saxlanılıbsa, bu halların hamısı böyüklük dövründə açıq şəkildə özünü göstərə bilər. Belə insanlar fikirlərini ifadə etməkdə çətinlik çəkə, həyəcanlana, özlərini sıxa bilərlər. Məsələn, uşaqlıqda şiddət görən biri böyüyəndə bunu bədənində də göstərir; hər zaman üzərinə gəlinən insan yetkin yaşda da özünü müdafiə etməkdə çətinlik çəkir. Lakin burada vacib bir məqam var: yaşımız 18–20-ni keçdikdən sonra öz üzərimizdə işlədiyimiz təqdirdə bədən dili, səs tonu və özünüifadə bacarıqlarıyla bağlı travmaları aşmaq mümkündür”.

 

Bununla yanaşı jest-bədən təlimçisi Nuranə Abıyeva da öz fikrini qeyd edib ki,“şüursuz olaraq istifadə etmək” anlayışı bədən dili ilə bağlı çox az hallarda rast gəlinən bir vəziyyətdir:

 

“Ümumiyyətlə, bədən dilinin əsas xüsusiyyəti qeyri-ixtiyari edilən hərəkətlərdir. Yəni “şüursuzluq” bədən dilinin daha ağır və xüsusi tərəfidir və bu da hər adamda müşahidə olunmur. Bədən dili əsasən insanın qeyri-ixtiyari olaraq etdiyi jest və mimikalardan ibarətdir. Məsələn, birini dinləyərkən əlləri birləşdirib dayanmaq, çənəni əllə dəstəkləmək, baxışları daim qarşıdakı insana yönəltmək, auditoriya qarşısında çıxış edərkən ya çox hərəkətli olmaq, ya da tamamilə yerində donub qalmaq- bunların hamısı qeyri-ixtiyari, yəni avtomatik sərgilənən bədən dili nümunələridir.

Bəs şüursuz istifadə nə zaman baş verir?

Bu hal daha çox bədən dilindən həddindən artıq istifadə edən insanlarda görünür. Məsələn, səhnədə çıxış edən biri mövzuya uyğun olaraq səhnədən səmərəli şəkildə istifadə edir: gəzərək danışır, əl-qol hərəkətləri edir, baxış təması qurur və s. Bu, normal və məqsədyönlü istifadədir. Amma mövzu ciddi olduğu halda insanın bədən dili səbəbsiz yerə çox hərəkətlidirsə, bu artıq bədən dilinin mövzudan kənar və lazımsız şəkildə şişirdilmiş istifadəsi deməkdir. Bu isə danışığın məzmununun arxa plana keçməsinə səbəb olur. Bədən dilinin əsas qaydası budur: Jestlər və mimikalar sözün önünə keçməməlidir-paralel şəkildə irəliləməlidir. Yəni bədən dili nitqin görünən formasıdır, sözləri dəstəkləyən təsdiqləyici hərəkətlər toplusudur. Bu o demək deyil ki, hər dediyimizi jestlə göstərməliyik. Məsələn, “bir, iki, üç” deyərkən barmaqları qatlamaq uyğundur, amma “qayçı” haqqında danışarkən əli qayçı kimi tutub qarşı tərəfə göstərmək artıq yersizdir. Bu şüurlu bədən dili sayılır. Şüursuz bədən dili isə daha çox insanın hissləri ön planda olanda, emosional gərginlik yaşadığında ortaya çıxır. Bu, artıq özünü idarə edə bilməmə halına keçir və psixoloji tərəfi daha güclüdür. Psixologiya nitqin formalaşmasında çox önəmli olsa da, bədən dilini tam şəkildə tənzimləmir; yalnız təsir göstərir. Düşünürəm ki, “şüursuz bədən dili” anlayışındansa, bunu daha çox emosional və lazımından artıq istifadə edilən bədən dili kimi adlandırmaq daha doğrudur. Çünki bədən dilinin təməlində onsuz da qeyri-ixtiyari hərəkətlər dayanır. Bir insanın xarakterinə və üslubuna görə bədən dili daha hərəkətli ola bilər. Amma bunu daha səliqəli, məqsədyönlü və tənzimli istifadə etmək-həm nəzəri bilikdən, həm də praktik təcrübədən asılıdır. Bu prosesin nə qədər tez dəyişməsi isə birbaşa şəxsin özündən asılıdır:

Onun təcrübəsi, xarakteri və bədən dili fərqindəliyi bu müddəti müəyyənləşdirir. Danışarkən göz qaçırmaq, əlləri belin arxasında birləşdirmək və ya çox hərəkətli danışmaq- bunların heç biri təkbaşına “yalan danışmaq” əlaməti deyil. Bu jestlər müxtəlif situasiyalarda fərqli məna verə bilər. Məsələn, əllərin arxada birləşdirilməsi bəzən özünə inam göstəricisi sayılır, amma eyni jest həbsxanada günahkarlıq simvolu kimi də görünə bilər. Göz təmasının güclü olması qarşı tərəfə psixoloji təsir göstərmək, narahat etmək və ya simpatiya bildirmək məqsədi daşıya bilər. Əgər insan təbiətən emosional danışırsa, o, fikirlərini sözlərlə tam ifadə edə bilmədiyi üçün hərəkətlərdən istifadə edir. Bu, yalan deyil - üslub fərqidir. Digər tərəfdən, gərgin olan insan da emosional jestlərə müraciət edir: çünki ya hazırlıqsızdır, ya gözləmədiyi sualla qarşılaşıb, ya da doğrudan da yalan danışır və bu ona əlavə stres yaradır. Yalanın daha tipik əlamətləri bunlardır:

– göz təmasından qaçmaq,

– barmaqlarla oynamaq,

– ayaqları tez-tez tərpətmək,

– nitqin axıcılığının pozulması.

Həddindən artıq hərəkətlilik isə daha çox həyəcan və gərginlik göstəricisidir. Məsələn, səhnəyə çıxan biri çoxlu auditoriyanı görüb həyəcanlanır və öyrəndiyi nitqə əlavə olaraq daha sürətli danışır, tez-tez hərəkət edir, göz təmasını itirir. Bu, yalan deyil - gərginlikdir. Qarşı tərəf isə bu davranışları görüb onu “yalan danışır” kimi də qavraya bilər, amma əsas səbəb emosional reaksiyadır. Yəni nəticə olaraq:

Həddindən artıq hərəkətlilik-yalanın deyil, daha çox gərginliyin əlamətidir. Yalanın özünəməxsus xüsusi davranış nüansları var və onlar daha dəqiq göstəricidir”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər