BDU-nun Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Təranə İsmayıl "Mediada Azərbaycan dili" təlimində çıxış etdi
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” proqramı çərçivəsində növbəti təlim keçirildi.
"İnformator.az" xəbər verir ki, təlimi BDU-nun Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Təranə İsmayıl apardı. Mövzu “Onlayn mediada ədəbi tələffüz normalarının qorunması problemləri və media məsuliyyəti” oldu.
Təranə İsmayıl çıxışında qeyd etdi ki, illərdir səsləndirilən dil qüsurlarına yenə də rast gəlinir. O bildirdi ki, bu hal dilin itməsi demək deyil, lakin onun saflığını qorumaq vacibdir. Vurğuladı ki, bütün redaksiyalarda vahid lüğət olmalıdır və materiallar həmin mənbəyə istinad edilməklə hazırlanmalıdır.
Diqqətə çatdırıldı ki, hazırda bir çox redaksiyalarda korrektə işi demək olar ki, yox səviyyəsindədir. Qeyd etdi ki, elə bir material yoxdur ki, orada orfoqrafik səhv olmasın. O bildirdi ki, həm yazanlar, həm də danışanlar dilə xüsusi həssaslıqla yanaşmalıdır. Danışıqda səsləndirilən fikrin auditoriyaya daha tez çatdığını və daha yadda qaldığını vurğuladı, bu səbəbdən nitq mədəniyyətinə diqqət yetirilməsinin vacibliyini bildirdi.
Təlim çərçivəsində “Səsimiz kimin əlindədir?” mövzusu müzakirə edildi. Bildirildi ki, bir vaxtlar aparıcının səsi norma və ölçü meyarı oldu. Bu gün isə hər kəs canlı yayıma çıxır, hər kəs fikir bildirir. Söz çoxaldı, lakin keyfiyyət azaldı. Sual səsləndirildi: biz danışırıq, yoxsa dili və normanı itiririk?
“Dilin səssiz aşınması” mövzusuna toxunuldu. Qeyd edildi ki, dil bir gündə pozulmur, bu proses yavaş-yavaş baş verir. “Gələcək” sözünün “gələcəy”, “deyil” sözünün “diyil”, “hardadır?” sözünün “hardadı?” kimi işlədilməsi nümunə kimi göstərildi. Bildirildi ki, milyonlarla insan bu formaları eşitdikcə və təkrar etdikcə norma dəyişməyə başlayır, dil isə əvvəlcə keyfiyyətini itirir.
“Reytinq dövrünün danışığı” bölməsində qeyd edildi ki, bu gün onlayn mediada əsas meyar düzgünlük və peşəkarlıq deyil, rəqəmlər – baxış, paylaşım və reaksiya sayıdır. Bir video milyonlarla izlənirsə, “uğurlu” hesab edilir. Tələffüz qüsurları və dil xətaları isə çox vaxt görməzlikdən gəlinir.
T.İsmayıl vurğuladı ki, əsas problemlərdən biri “c” və “ç” səslərinin düzgün tələffüz olunmamasıdır. Jurnalistlərin bu məsələyə xüsusi diqqət yetirməli olduqları qeyd edildi. O həmçinin bildirdi ki, Azərbaycan dilinin özünəməxsus ahəngliyi və intonasiyası var. Son dövrlərdə bəzi media nümayəndələrinin türk intonasiyasından istifadə etməsi isə yanlış hal kimi qiymətləndirildi.
Təlim interaktiv şəkildə davam elədi, iştirakçılar suallar verdilər və fikir mübadiləsi apardılar.

Elmira Ağayeva
