00:00:00
Yazar
Güllər Gülhüseynova
28.09.2026 13:45 150 3 dəq oxuma
Dünya

Bir cinayət, iki həyat hekayəsi: Christa Pike-in edamına günlər qalıb

Bir cinayət, iki həyat hekayəsi: Christa Pike-in edamına günlər qalıb

18 yaşında həyatının ən ağır hökmünü alıb. İndi isə 50 yaşındadır və həmin hökmün icra olunmasına cəmi günlər qalıb. Christa Pike 31 il əvvəl törədilən cinayətə görə ölüm cəzasına məhkum edilib. İllər keçdikcə onun hekayəsinə isə yalnız bir cinayətin deyil, uşaqlıq travmalarının, psixi sağlamlıq problemlərinin və bitməyən məhkəmə mübarizəsinin də daxil olduğu məlum olub.

 

Bir cinayət, iki gənc və dəyişən həyat

 

1995-ci ildə Tennessi ştatının Knoxville şəhərində 19 yaşlı Colleen Slemmer öldürülüb. Hadisə ilə bağlı araşdırma zamanı 18 yaşlı Christa Pike və onun sevgilisi Tadaryl Shipp saxlanılıb. Növbəti il Pike ölüm hökmünə məhkum edilib. Həmin vaxt 17 yaşında olan Shipp isə ömürlük həbs cəzası alıb.

 

Pike-in adı uzun illər bu cinayətlə birlikdə çəkilib. Lakin zaman keçdikcə onun həyatının məhkəmə zalında tam görünməyən başqa tərəfləri də ortaya çıxıb. Müdafiəçiləri bildirirlər ki, Pike uşaqlıq illərindən etibarən ciddi zorakılıq, laqeydlik və travmalarla üzləşib. Onların fikrincə, bu keçmiş onun davranışlarına və sonrakı psixi vəziyyətinə təsir edib.

 

31 il sonra keçmiş yenidən gündəmə gəlib

 

Pike-in müdafiəsi üçün aparılan araşdırmalarda onun uşaqlıq illəri ilə bağlı ağır faktların olduğu bildirilib. 1995-ci ildə psixoloq Diana McCoy tərəfindən hazırlanan qiymətləndirmədə Pike-in ailə mühitində ciddi problemlər yaşadığı qeyd olunub. Lakin müdafiə tərəfinin iddiasına görə, bu məlumatların mühüm hissəsi ilk məhkəmə prosesində münsiflər heyətinə təqdim edilməyib.


İllər sonra Pike-in psixi sağlamlığı ilə bağlı yeni məlumatlar da ortaya çıxıb. 2021-ci ildə həbsxanada ona bipolyar pozuntu diaqnozu qoyulub. Daha sonrakı qiymətləndirmələrdə uşaqlıq travmaları və posttravmatik stress pozuntusu ilə bağlı məsələlər də müzakirə edilib.

 

Müdafiəçiləri hesab edir ki, 18 yaşında cinayət törətmiş bir şəxsin uşaqlıqdan gələn travmaları və psixi sağlamlıq vəziyyəti ölüm hökmü məsələsinə yenidən baxılarkən nəzərə alınmalıdır. Bu səbəbdən Pike-in vəkilləri Tennessi qubernatoru Bill Lee-yə 226 səhifəlik əfv müraciəti təqdim edərək ölüm hökmünün dəyişdirilməsini istəyiblər.

 

Son ümid: edama günlər qalıb

 

Pike-in işi son günlərdə yenidən sürətlə məhkəmə gündəminə qayıdıb. Tennessi Ali Məhkəməsi sentyabrın 23-də edamın dayandırılması tələbini rədd edib. Bundan sonra müdafiə komandası ABŞ Ali Məhkəməsinə müraciət edib. Rəsmi məhkəmə sənədlərinə əsasən, müraciət sentyabrın 25-də təqdim olunub, ertəsi gün isə işə əlavə sənədlər daxil edilib.

 

BMT-nin insan hüquqları üzrə ekspertləri də Pike-in edamının dayandırılmasına çağırış ediblər. Müdafiə tərəfi isə edam prosedurunun onun keçmiş travmalarını yenidən ağırlaşdıra biləcəyini bildirir. Pike bu səbəbdən edam günü qadın əməkdaşlardan ibarət komandanın yanında olmasını istəyib.

 

Lakin bu hekayənin yalnız bir tərəfi yoxdur. Colleen Slemmer-in anası May Martinez 31 ildir qızının yoxluğu ilə yaşayır və Pike-in edam edilməsini istəyir. Onun üçün illər əvvəl itirdiyi qızının xatirəsi və ədalət gözləntisi bu gün də dəyişməyib.

 

Beləliklə, sentyabrın 30-na yaxınlaşdıqca Christa Pike-in adı bir daha ABŞ-nin gündəminə qayıdır. Bir tərəfdə 31 il əvvəl həyatını itirən gənc qızın ailəsinin ədalət gözləntisi, digər tərəfdə isə 18 yaşından ölüm hökmü altında yaşayan bir qadının keçmişi və son hüquqi mübarizəsi dayanır. Əgər cəza dəyişdirilməsə, Pike-in edamı Tennessi ştatında 200 ildən çox müddətdə edam edilən ilk qadının işi olacaq.

 

Fatimə Hüseynova

#christa #yeni #həyat #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər