Bir millətin oyanışı və azadlığa doğru yürüşü
17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının azadlıq iradəsinin simvolu, müstəqilliyə aparan yolun ilk böyük addımıdır. 1988-ci ilin həmin günündən başlanan kütləvi etirazlar, meydanlara axışan minlərlə insanın səsi və mübariz əzmi Azərbaycanın milli şüurunun dirçəlişini, azadlıq hissinin oyanışını nümayiş etdirdi. Bu gün təkcə bir tarixi hadisənin anılması deyil, həm də xalqın birlik, cəsarət və müstəqillik amalına sədaqətinin təcəssümüdür. Milli Dirçəliş Günü bu iradənin bu gün də yaşadığını xatırladan dəyərli bir tarixi yaddaşdır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında tarixçi Qasım Hacıyev bildirib ki, 17 noyabr hadisələri Azərbaycan milli şüurunun formalaşmasında çox böyük rol oynayıb:
“Azərbaycan 200 il ərzində digər SSRİ respublikaları kimi rus çarizminin, rus imperiyasının, sonra da sovet imperiyasının müstəmləkəsi idi. Hər bir xalq öz dövlətini yaradıb ona sahib olmasa, müstəqil olmasa, xoşbəxt ola bilməz. Azərbaycan xalqı da müstəqillik yolunda səsini ucaltdı, meydanlara çıxdı. 17 noyabr hadisələri bütün dünyaya bəyan etdi ki, Azərbaycanda yenidən milli dirçəliş dövrü başlanıb və Azərbaycan müstəqil, azad, suveren dövlət qurmaq fikrindədir. Bilirsiniz ki, bizim Azərbaycan xalqı qədər qədim tarixi və zəngin mədəniyyəti olan bir xalq yer üzündə çox azdır. İş burasındadır ki, qədim və orta əsrlərdə böyük dövlətlər və imperiyalar yaradan Azərbaycan xalqının yaratdığı bu dövlətlərin hamısı dini dövlətlər idi. Heç biri milli dövlət deyildi. Hər biri imperiya idi. Artıq XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan xalqı bütün dünyaya bəyan etdi ki, azərbaycanlılar milli şüura malikdir, müstəqil dövlət yarada bilir, bu dövləti idarə edə bilir. Cəmisi 23 ay ərzində 120-dən artıq qanun və mühüm qərarlar qəbul edildi. Dünyanın bir çox dövlətləri bu dövləti tanıdı. Amma təəssüflər olsun ki, Qırmızı Sovet imperiyası bu dövləti ləğv etdi, ərazilərini işğal etdi, dövlətin varlığına son qoydu və 70 il sosializm bataqlığında bu xalqları, o cümlədən Azərbaycan xalqını istila altında saxladı. 100 cür oyunlarla, siyasi oyunlarla xalqın başını qatsa da, iqtisadi böhranın qarşısını ala bilmədiyinə görə bu imperiya dağıldı. Amma çox təəssüf ki, bu dağılmaqda olan imperiya Azərbaycan xalqına zərər vurmaq, onun bu müstəqillik uğrunda apardığı milli mübarizəni onun gözündən salmaq üçün ora silah yeritdi, silahlı ordu yeritdi və biz hamımız buna şahidik. O meydanların içərisində idik. Onda bu xalqa yeddi növ silahdan istifadə edərək divan tutdu. Bu da xalqın azadlıq mübarizəsini qırmaq, gözünü qorxutmaq, başqa bir adda yenidən SSRİ kimi təqdim etmək məqsədilə edilirdi. 1988-ci il etirazları doğrudan da elə bir vaxtda başladı ki, biz Azərbaycanın paytaxtı olan Bakı şəhərində Azərbaycan dilində danışmağa utanırdıq. Rus millətindən olan və bir də özünü rusların köləsi hesab edib ana dili əvəzinə rus dilini öyrənənlər Azərbaycan dilinə həqarətlə baxırdı. Onda biz o bəlaları gördük, amma artıq 1988-ci ildə əvvəl Azərbaycan Milli Elmlər Akademiyasından, Bakı Dövlət Universitetindən, zavodlardan, fabriklərdən başlanan etirazlar kütləvi şəkil aldı və bütün dünyaya bəyan etdi ki, 70 il yox, bəlkə də 170 il də qalsa, bu, Azərbaycan xalqını müstəmləkə zülmündə saxlayan rejimə qarşı mübarizə aparmaq vacibdir və ona görə də xalq ayağa qalxıb və bundan dönən deyil. Təəssüf ona görədir ki, bu, könüllü şəkildə dağılmalı olan imperiya axırda öz zülmünü yenə bu xalqa göstərdi. Bir neçə respublikada, o cümlədən Orta Asiyada, Gürcüstanda o, adını qiyam qoyduqları bu xalq hərəkatlarını yatırmaq üçün silahlı dəstələr yeritdi, xalqa zərbə vurdu. Amma Azərbaycanda bu zərbəni daha ağır etdi, daha güclü şəkildə təşkil etdi və burada da məqsəd Azərbaycanın Qarabağ bölgəsinə diqqəti çəkərək xalqı Bakı şəhərindən çıxarıb əsrin əvvəllərində etdiyi kimi Bakı şəhərini müstəqil şəkildə tutmaq, Rusiyaya birləşdirmək, Azərbaycan xalqını isə bu əyalət köləsi şəklində saxlamaq fikrində idi. Çox xoşbəxt millətik ki, əsrlərdən bəri babalarımızın qoruyub saxladığı dövlətçilik ənənəsini artıq indi milli dövlətçilik ənənəsinə çevirə bildik. Və o dövrdən başlanan bu siyasi milli hərəkat öz gücünü göstərdi. Azərbaycan xalq hərəkatının öndərləri öz canından keçərək xalqı səfərbər edərək bu yol ilə apardı. Xalqın tarixi taleyində çox mühüm rol oynayan ulu öndərimiz Heydər Əliyevin gəlişi ilə Azərbaycan xalqı öz əbədi dövlətçiliyinin bünövrəsini qoydu. Yeni konstitusiya qəbul olundu, bəyannamələr verildi, böyük dövlətlərlə siyasətə başlanıldı, beynəlxalq təşkilatlarla görüşlər keçirildi. Azərbaycanın suveren hüquqlarını dünyaya bəyan edən Azərbaycan bu istiqamətdə işini davam etdirdi. O vaxtdan başlanan, ondan əvvəlki bəlalar aradan yavaş-yavaş qalxmağa başladı. Azərbaycan onun tərkibində yaradılan, hələ AXC dönəmində İrəvan şəhəri verilməklə yaradılan Ermənistan dövlətinin yanında bir muxtar qurumun, yəni Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranmasının xalqın tarixində böyük bir ləkə olduğunu, o ləkəni silib atmağı vacib olduğunu bəyan etdi. Amma təəssüflər olsun ki, böyük imperiya və digər imperialist qüvvələr erməniləri silahlandıraraq Azərbaycan torpaqlarını işğal etdilər. Azərbaycanın 20 faiz torpağı işğal altında qaldı. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, onun ətrafında yeddi rayon işğal olundu. Buna dözməyən xalq dövlətin ətrafında sıx birləşərək bu mübarizəni davam etdirdi. Ulu öndərin yaratdığı sülh, sülh müqaviləsi ilə Azərbaycan xalqını qırğınlardan xilas etdi, hazırlıq dövrü keçirildi, müasir silahlar alındı və dövlətimizin qüdrəti bərpa olundu. Azərbaycan dövlətinin başçısı, prezidentimiz cənab İlham Əliyevin böyük məharəti, qüdrəti ilə Azərbaycanın işğal olunan əraziləri azad edildi. 1988-ci ildə ilk azadlıq çıxışları, müstəqillik çıxışları edən xalqın davamlı mücadiləsinin nəticəsi idi ki, Azərbaycan oğulları, Azərbaycan dövlətinin başçısı Azərbaycan torpaqlarını işğaldan azad etdi. Allah Azərbaycan torpaqları uğrunda canından keçən şəhidlərimizə rəhmət etsin! Azərbaycan oğullarının yaralanan qazilərinə Allah şəfa versin! Xalqımızın qüdrətinə, şücaətinə, müzəffər Ali Baş Komandan ətrafında birləşməsinə alqışlar olsun! Bu gün Azərbaycan heç şübhəsiz demək olar ki, Cənubi Qafqazın ən qüdrətli, sözü keçən dövlətlərindən biridir. Dünya dövlətləri içərisində bayrağını qürurla dalğalandıran, öz müstəqilliyini qoruyub saxlamağa qüdrəti olan dövlətlərdən biridir”.
Banuçiçək Məmmədova
