Bir ömrə sığan vətən sevgisi: Şəhid Rahət İsayevin doğum günü
Vətən Müharibəsi şəhidi İsayev Rahət Rafət oğlu 2000-ci il dekabrın 26-da Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2007-2018-ci illərdə M. Piriyev adına Əliabad кənd tam orta məktəbdə təhsil alıb. Sabirabad Dövlət Sosial - İqtisadi Kollecinin "Arxiv işi və Kargüzarlıq" ixtisasına qəbul olsa da, qiyabi təhsili seçib və 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Subay idi.
Rahət İsayev 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə idi. Kəşfiyyatçı atıcı idi.
Azərbaycan Ordusunun əsgəri olan Rahət İsayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan işğalı altında olan ərazilərini azad etməsi üçün başladığı "Vətən müharibəsi" zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rahət İsayev noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub. Noyabrın 18-də Biləsuvar rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Rahət İsayev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Anası Xatirə İsayeva “İnformator.az”la fikirlərini bölüşüb:
“Vətənpərvər, xalqını və bayrağını sevən Rahət İsayev bu sevgini öz şəhidliyi ilə sübut etdi. Onun necə bir insan olduğu bu gün hər kəsə bəllidir.
Ən böyük arzusu üçrəngli bayrağımızı böyük arenalarda qürurla dalğalandırmaq idi. Bu arzusunu sağlığında reallaşdıra bilməsə də, şəhidlik zirvəsinə ucalaraq bayrağımızı əbədi olaraq dalğalandırdı. Rahətin istəyi doğum gününü öncə torpaqlarımız azad edildikdən sonra, həmin torpaqlarda keçirmək idi. Qismət olmasa da, bu günü bir ana olaraq qəhrəmanımın mövludu kimi qeyd edirəm.
Mən Rahəti bu mövludda gülərüz, şücaəti ilə torpaqlarımızı azad edən, ölməz bir qəhrəman kimi xatırlayıram”.
Qardaşı Yunis İsayev isə bildirib ki, o, hərbçi olmaq arzusunda idi:
“Rahət evimizin son beşiyi idi. İki qardaş bir bacıyıq. O bizim balacamızdır. Uşaq vaxtı imkanımız zəif olanda Rahətin ad günün yeni ildə keçirdirdik. Rahət gülərüz, mehriban, hər kəslə yola gedən oğul idi. İstər sinif yoldaşları, istər əsgər yoldaşları, istər müharibə yoldaşları. Hansın danışdırsanız hamısı aşağı-yuxarı eyni şeyi deyər: “mərd, gülərüz, mehriban, istiqanlı, qaynayıb qarışan, canlara dəyən oğlan”.
Rahət hərbçi olmaq istəyirdi. Anam qoymadı. Amma qismət belə oldu. Əsgərlikdə olanda əsgər yoldaşları ilə birgə bir-birlərinə şəhidlik arzulayırdılar. Döyüş yoldaşlarının da bildirdiyinə görə şəhid olduqları döyüşə könüllü olaraq, şəhid olacaqların bilə-bilə gedib. Mənlə telefonla danışanda dedim ehtiyatlı ol, düşmən hiyləgərdi, özünü qoru.
Dedi ki, "şəhid olan hansı oğlandan artığam mən? Alnımıza nə yazılıbsa, odur".
Bu gün mən qardaşıma həsrətəm, amma bilirəm ki, bu həsrət müvəqqətidir. Şəhidlərimiz ən uca zirvədədirlər və quran ayəsi də var ki, onlar diridirlər və Allah dərgahındadırlar.
Başımız uca, alnımız açıqdır. Hər nə qədər həsrət dözülməz olsa da, şəhidlərimiz bizim qürur mənbəyimizdir. 30 illik işğala canları, qanları bahasına son qoydu nur üzlü oğlanlar.
Allah bütün şəhidlərimizin ruhunu şad etsin”.
Arzu Poladova
