00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
05.11.2026 11:14 74 3 dəq oxuma
Radio 100

Bir əsrlik efir salnaməsi: BDU-da Azərbaycan Radiosunun yubileyinə həsr olunan konfrans keçirildi

Bir əsrlik efir salnaməsi: BDU-da Azərbaycan Radiosunun yubileyinə həsr olunan konfrans keçirildi

 

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Radiosunun 100 illik yubileyinə həsr olunan   “Azərbaycan radiosu – 100:milli  yaddaşdan rəqəmsal mediaya” mövzusunda Respublika elmi-praktik konfransı keçirildi.
 
"İnformator.az" xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev xalqımızın ictimai-mədəni həyatında mühüm yer tutan Azərbaycan radiosunun 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi.Rektor Azərbaycan radiosunun 100 illik yubileyinin məhz BDU-da qeyd olunmasının təsadüfi olmadığını bildirdi.

 
Rektor həmçinin bildirdi ki, Azərbaycan radiosu ötən əsr ərzində ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Televiziyanın geniş yayıldığı dövrədək əsas informasiya və kommunikasiya vasitələrindən biri olan radio sovet dövrünün ideoloji məhdudiyyətlərinə baxmayaraq, milli mədəniyyətin, mənəvi dəyərlərin və ana dilinin qorunub yaşadılmasına mühüm töhfə verib.
 
Daha sonra Azərbaycan radiosunun tarixinə həsr olunan videoçarx nümayiş olundu.

 

"Əminik ki, radionun zəngin irsi qorunacaq,burada  səsləndirilən ideya və təkliflər rəqəmsal jurnalistikanın inkişafına töhfə verəcək"-bu sözləri konfrasda çıxış edən Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri Əhməd İsmayılov vurğuladı.O, radionun Azərbaycan dilinin və milli maarifçiliyin inkişafındakı rolunu vurğulayaraq, rəqəmsal dövrün yaratdığı yeni imkan və çağırışlardan, eləcə də gənc nəslin diqqətini cəlb etməyin əhəmiyyətindən də danışdı.

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov çıxışında Azərbaycan Radiosunun 100 illik yubileyi münasibətilə hər kəsi təbrik etdi  və bu elmi-praktik konfransın keçirilməsində əməyi olan şəxslərə təşəkkürünü bildirdi.

 

O, Azərbaycan Radiosunu xalqımızın və dövlətimizin qızıl fondunun tərcümanı adlandıraraq, onun sadəcə informasiya vasitəsi deyil, həm də mühüm missiya daşıyıcısı olduğunu vurğuladı.Həmçinin radionun milli məfkurəmizin qorunub-saxlanılmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını bildirdi.


"İşğaldan azad olunan ərazilərdə radio stansiyalarının fəaliyyəti tam bərpa edilib və hazırda həmin ərazilərdə 13 stansiya fəaliyyət göstərir",-bu sözləri  çıxışında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Radio-Televiziya Yayımı və Peyk Rabitəsi qurumunun rəisi Əlibaba Əliyev qeyd etdi.


O, Azərbaycan Radiosunun milli adət-ənənələrin qorunmasında mühüm rol oynadığını vurğulayaraq, rəqəmsal yeniliklərin radio yayımının imkanlarını daha da genişləndirdiyini qeyd etdi.

 

"Azərbaycan radiosu şəxsiyyətdir,milli kimlikdir,qürurdur",-bu sözləri  konfransda çıxış edən BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri professor Qulu Məhərrəmli söylədi.O,radionu yalnız media və kommunikasiya vasitəsi deyil, həm də milli mədəniyyətin təbliğində mühüm rol oynayan platforma kimi qiymətləndirdi. Professor sovet dövründə Azərbaycan dilinin ədəbi normalarının formalaşmasında radionun xidmətlərini xüsusi vurğulayaraq, onun dilimizin inkişafına və insanların duyğularına təsir göstərən güclü vasitə olduğunu qeyd etdi.

 

Daha sonra Azərbaycan Respublikasının Xalq artisti, tanınmış diktor Eldost Bayramov çıxış etdi.O qeyd etdi ki, radionun ali məqsədlərindən biri Azərbaycan dilinin gözəlliyini və düzgünlüyünü qorumaqdır və bu missiya bu gün də layiqincə davam etdirilir. Eldost Bayramov Azərbaycan Radiosunu milli sərvət və ana dilimizin inkişafına xidmət edən mühüm mənəvi qaynaq kimi səciyyələndirdi.

 

Çıxışdan sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevlə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov arasında əməkdaşlığa dair memorandum imzalandı.

Konfrans  tədbiri  yubileyə həsr olunan bədii hissə ilə yekunlaşaraq tamaşaçılara xoş anlar yaşatdı.

Cəfərova Səkinəbəyim

Mayıl Soltanov 

 

 

 

#konfrans #yeni #olunan #həsr #radiosunun
Paylaş:

Şərhlər (0)