Bolqarıstan artıq Ukraynaya hərbi yardım tədarük etməyəcək
Bolqarıstan artıq Ukraynaya hərbi yardım tədarük etməyəcək.
Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov bunu Müdafiə Nazirliyində keçirilən mətbuat konfransında bildirib.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Bolqarıstanın Ukraynaya hərbi yardım tədarükünü dayandırmasını ölkənin daxili siyasi transformasiyasının nəticəsi kimi qiymətləndirmək daha düzgün olar:
“Belə ki, 2026-cı ilin aprelində keçirilən növbədənkənar parlament seçkilərində keçmiş prezident Rumen Radevin rəhbərlik etdiyi “Proqressiv Bolqarıstan” hərəkatının mütləq qələbə qazanması bu dəyişikliyin əsas siyasi bazasını formalaşdırıb. 240 yerlik parlamentdə 135 mandat əldə edilməsi Bolqarıstanda 1997-ci ildən bəri ilk dəfə təkpartiyalı hökumət imkanının yaranması deməkdir ki, bu da xarici siyasətdə daha sürətli və mərkəzləşdirilmiş qərarların qəbulunu asanlaşdırır.Radevin siyasi xətti isə açıq şəkildə Ukraynaya hərbi yardımların məhdudlaşdırılması, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının yumşaldılması və Moskva ilə dialoqun bərpası üzərində qurulub. Bu yanaşma Bolqarıstanın əvvəlki Qərbyönlü və NATO daxilində daha koordinasiyalı siyasətindən fərqli olaraq daha neytral və ya Rusiya ilə balanslaşdırılmış yaxınlaşma xəttinə işarə edir. Nəticədə, Ukraynaya hərbi yardımın dayandırılması təkcə texniki və ya logistik qərar deyil, bu həm də siyasi kurs dəyişikliyinin birinci praktik göstəricisidir. Ukrayna üçün bu dəyişiklik qısa və orta müddətdə müəyyən təzyiq yarada bilər. Bolqarıstan NATO daxilində böyük silah istehsalçısı olmasa da, postsovet texnikası və sursat təchizatı baxımından Ukraynanın təchizat zəncirində müəyyən rol oynayırdı. Bu axının dayanması ümumi Qərb yardım paketləri ilə kompensasiya edilə bilər, lakin logistika baxımından əlavə yük və gecikmələr yarada bilər. Daha vacib məsələ isə psixoloji və siyasi siqnaldır, çünki bu qərar Ukraynaya dəstək mövzusunda Avropa daxilində yekdilliyin tam olmadığını göstərir. Rusiyanın mövqeyi baxımından isə Radevin qələbəsi və yeni hökumətin kursu Moskva üçün diplomatik üstünlük kimi qiymətləndirilə bilər. Rusiya bu vəziyyəti Avropa İttifaqı və NATO daxilində parçalanma nümunəsi kimi təqdim etməyə çalışacaq. Xüsusilə sanksiya siyasətinin yumşaldılması çağırışları Kremlin uzunmüddətli strateji məqsədlərinə uyğun gəlir. Bununla belə, Bolqarıstanın Aİ iqtisadi sistemindən yüksək asılılığı və NATO təhlükəsizlik çərçivəsində qalması onun tamamilə Qərb blokundan çıxmasını real etmir. Bu səbəbdən, Bolqarıstanın yeni siyasi kursunu tam dönüş olaraq qəbul etmək də mümkün deyil. Yəni başqa sözlə ölkə həm Qərb institutları daxilində qalmağa çalışır, həm də Rusiya ilə münasibətlərdə daha az qarşıdurmalı xətt seçir. Bu dəyişiklik Rusiya üçün müəyyən informasiya və diplomatik üstünlük qazandıra bilər, lakin Avropadakı ümumi strateji balansı fundamental şəkildə dəyişdirmək üçün yetərli deyil”.
Güllər Gülhüseynova