"Böyük Qayıdış sadəcə mexaniki proses deyil, milli hədəfimizdir"-Deputat
Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi. Bu, böyük qürur mənbəyidir. Bu fikirləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə səsləndirib.
Mövzu ilə bağlı deputat Azər Allahverənov "İnformator.az"a açıqlamasında bildirib ki, keçmiş məcburi köçkünlərin, işğaldan azad olunan ərazilərə qayıdışının həm sosial, həm mənəvi əhəmiyyəti olduqca yüksəkdir:
"Çünki 30 ildən çox bir müddətdə insanlar doğma torpaqlarından didərgin düşərək yaşamağa məcbur olublar. İşğal dövründə bu ərazilər Ermənistan tərəfindən amansız talana məruz qalıb, mədəni irs abidələrimiz tamamilə dağıdılıb, şəhərlərimiz yerlə-yeksan edilibdir. Torpaqlar azad olunduqdan sonra isə ən önəmli məsələ, şübhəsiz ki, həmin ərazilərə yenidən həyat qaytarmaqdır. İnsanların öz yurd-yuvalarına, doğma evlərinə qayıdışı, digər tərəfdən isə həmin torpaqların inkişaf etdirilməsi və dirçəldilməsi ilə bura yenidən həyat vermək əsas hədəfdir. Vaxtilə ölkənin beşdə bir hissəsini təşkil edən və işğala məruz qalan bu ərazilərə həyat qayıtdıqdan sonra, onların bütövlükdə ölkənin digər regionlarına tam inteqrasiyası üçün əlverişli şərait yaranır. Bu isə məhz qayıdış vasitəsilə baş verir. Ona görə də bu məsələnin sosial və mənəvi əhəmiyyəti olmaqla yanaşı, eyni zamanda iqtisadi, siyasi və mədəni aspektləri də olduqca böyükdür. Bu baxımdan düşünürəm ki, qayıdışın özü keçmiş məcburi köçkünlərin torpaqlara sadəcə mexaniki şəkildə qayıtması deyil. Bu, dövlət siyasətinin prioriteti olmaqla bərabər, həm də bizim əsas milli prioritetlərimizdən biridir”.
Deputat vurğulayıb ki, Qarabağda aparılan bərpa quruculuq işləri bu gün məhz həmin o milli prioritetə uyğun olaraq həyata keçirilməkdədir:
"Bu ərazilərdə olduqca əhatəli və genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilməkdədir. Vaxtilə burada çox təhlükəli bir mühit yaradılıb və bir milyondan çox mina basdırılıb. "Böyük Qayıdış"ın uğurla reallaşdırılması üçün ilk növbədə həmin ərazilərin minalardan təmizlənməsi və təhlükəsiz mühitin yaradılması vacibdir. Bununla yanaşı, zəruri yol infrastrukturunun qurulması, kommunal xidmətlərin təşkili, dağıdılmış şəhər və kəndlərin müasir "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarına uyğun bərpası əsas hədəflərdəndir. Yalnız bundan sonra keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilir, onların məşğulluq, təhsil, səhiyyə və sosial xidmət məsələləri kompleks şəkildə həll olunur.Azərbaycanda 2026-cı ilin dekabr ayına qədər "Böyük Qayıdış"a dair Dövlət Proqramının birinci mərhələsi başa çatmalıdır. Bu günə qədər 100 minə yaxın keçmiş məcburi köçkün doğma yurduna qayıdıb. Proqrama uyğun olaraq, bu ilin sonuna qədər həmin rəqəmin 150-160 min civarında olması nəzərdə tutulur. Bu istiqamətdə həyata keçirilən ardıcıl siyasət ölkəmizin məsələyə verdiyi prioritet əhəmiyyəti nümayiş etdirir. Tətbiq edilən uğurlu şəhərsalma modeli hətta dünyanın inkişaf etmiş dövlətləri üçün də mühüm bir təcrübə kimi dəyərləndirilə bilər. Bu da, qeyd etdiyimiz kimi, dövlət siyasətinin ən uğurlu istiqamətlərindən biridir”.
Deputat həmçinin Şuşanın Azərbaycan mədəniyyətinin beşiyi olduğunu vurğulayıb. O bildirib ki, hazırda şəhərə həyatın qaytarılması ilə yanaşı, Şuşanın beynəlxalq müstəvidə bir mədəniyyət ocağı kimi tanıdılması istiqamətində də mühüm addımlar atılmaqdadır:
"Təəssüflə qeyd edirik ki, 30 illik işğal dövründə Şuşanın mədəni irsinə çox böyük zərbə vurulub. Doğma yurdundan didərgin düşən və bu mədəni irsin daşıyıcısı olan şuşalılar Azərbaycanın digər ərazilərində məskunlaşmaq məcburiyyətində qalsalar da, bu zəngin irsi qoruyub saxlaya bildilər. Bizim gen fondumuzda Şuşa mədəniyyətinin elə bir izi var ki, bu, nəsildən-nəslə ötürülərək yaşayır.Şuşada "Xarıbülbül" festivalının ardıcıl olaraq keçirilməsi ondan xəbər verir ki, biz bu qədim şəhərdə mədəniyyətin yenidən dirçəlməsi üçün əlverişli şərait yaradırıq, digər tərəfdən isə Azərbaycan mədəniyyətinin Şuşa seqmentini və bənzərsiz dəyərlərini dünya ictimaiyyətinə çatdırırıq. "Xarıbülbül" festivallarında xaricdən gələn qonaqların Şuşanın özünəməxsusluğunu, onun mədəni irsinin təbiətlə vəhdətini böyük maraqla izlədiyinə dəfələrlə şahid olmuşuq. Bu da, şübhəsiz ki, Azərbaycan mədəniyyətinin, xüsusilə də Şuşa mühitinin nə qədər zəngin və dərin köklərə malik olduğunu göstərən ən vacib elementlərdən biridir”.
Günel Əlili