00:00:00
Yazar
Zəhra Həsənova
18.02.2026 19:40 17 3 dəq oxuma
Siyasət Özəl

“Bu addım təkcə maliyyə tələbi deyil, XX əsrin geosiyasi mirasının yenidən müzakirəsidir” - ŞƏRH

“Bu addım təkcə maliyyə tələbi deyil, XX əsrin geosiyasi mirasının yenidən müzakirəsidir” - ŞƏRH

Financial Times Polşa rəsmilərinə istinadən yazır ki, rəsmi Varşava Rusiyaya qarşı sovet dövründə ölkəyə vurulan ziyana görə təzminat iddiası hazırlayır. Məlumata əsasən, hökumət həmin dövrdə dəymiş iqtisadi və humanitar zərərin ödənilməsini tələb etməyi planlaşdırır. Xatırladaq ki, Varşava 2022-ci ildə Almaniyadan İkinci Dünya müharibəsi dövründə törədilən cinayətlərə görə 1,3 trilyon avro məbləğində təzminat tələb edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Hasan Oktay “İnformator.az”a açıqlamasında bildirib ki, Polşanın Sovet İttifaqı dövrünə görə Rusiyadan təzminat tələb etməyə hazırlaşması Avropa siyasətində “tarixin yenidən gündəmə gətirilməsi” kimi qiymətləndirilə biləcək çoxölçülü prosesdir:

 

“Ukrayna böhranı fonunda Rusiyanın Şərqi Avropaya təhdid xarakterli siyasəti Polşanı hərəkətə keçirib. Bu addım təkcə maliyyə tələbi deyil, eyni zamanda XX əsrin geosiyasi mirasının yenidən müzakirəyə çıxarılması deməkdir. Bu məsələ beynəlxalq hüquq müstəvisində bir sıra mürəkkəb məqamları gündəmə gətirir. Polşanın bu tələbi beynəlxalq hüququn ən mürəkkəb sahələrindən olan ‘Dövlətlərin varisliyi’ və ‘Zamanaşımı’ prinsipləri ilə birbaşa kəsişir. Rusiya Federasiyası SSRİ-nin hüquqi davamçısı statusunu daşıyır. Lakin Moskva Polşanın 1953-cü ildə təzminat hüququndan imtina etdiyini iddia edir. Polşa isə həmin sənədin ‘Sovet təzyiqi altında’ imzalandığını və hüquqi baxımdan etibarsız olduğunu bildirir. Sovet dövrünə aid sənədlərin əksəriyyətinin Rusiyada məxfi statusda saxlanılması və ya məhv edilməsi ziyanın miqyasını hüquqi sübuta çevirməyi çətinləşdirir”.

 

Hasan Oktay əlavə edib ki, hüquqi müstəvidə digər mühüm məsələ məhkəmə yurisdiksiyası ilə bağlıdır

 

“Rusiya Beynəlxalq Ədalət Məhkəməsinin bu tip geriyə dönük işlər üzrə məcburi yurisdiksiyasını tanımır. Bu isə Polşanın iddiasının icrası məcburi olan məhkəmə qərarına çevrilməsini faktiki olaraq mümkünsüz edir. Polşa bu addımla Rusiyanın təkcə Ukraynadakı mövcud siyasətini deyil, tarixi olaraq Şərqi Avropadakı rolunu da ‘cinayət’ kateqoriyasında təqdim etməyə çalışır. Bu, Varşavanın Moskvaya qarşı apardığı yumşaq güc strategiyasının tərkib hissəsidir. Rusiya özünü ‘faşizmi məğlub edən xilaskar’ kimi təqdim etdiyi halda, Polşa Rusiyanı ‘ikinci işğalçı’ kimi xarakterizə edir. Bu yanaşma iki ölkə arasında diplomatik münasibətlərin daha da kəskinləşməsinə səbəb ola bilər. Polşanın təşəbbüsü digər Şərqi Avropa ölkələri üçün presedent yarada bilər. Bu proses Baltikyanı ölkələr - Estoniya, Latviya və Litva, eləcə də Çexiya kimi dövlətləri oxşar hesabatlar hazırlamağa təşviq edə bilər. Nəticədə, Rusiyanın regiondakı təcridi daha da dərinləşə bilər. Bu məsələ NATO və Avropa İttifaqı daxilində də müəyyən dinamika yarada bilər. Polşanın həm Almaniya, həm də Rusiya ilə tarixi müstəvidə hesablaşma siyasəti onun ‘çətin müttəfiq’ imicini gücləndirə bilər. Eyni zamanda bu, Rusiyanın hibrid təhdidlərinə qarşı milli kimlik üzərindən ictimai müqavimətin artırılması strategiyası kimi də qiymətləndirilə bilər”.

 

Qeyd edək ki, Financial Times-ın 2026-cı ilin fevralında dərc etdiyi məlumata görə, Polşanın Baş naziri Donald Tusk bu istiqamətdə araşdırmaların aparılmasını tapşırıb. Mənbənin bildirdiyinə əsasən, Jan Karski İnstitutu hesabatın hazırlanmasının illər çəkə biləcəyini və sovet dövrünə aid “saxtalaşdırılan sənədlərlə” mübarizənin prosesin ən çətin mərhələsi olduğunu qeyd edib.


Fatimə Hüseynli

#geosiyasi #azərbaycan #tələbi #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər