"Bu, film deyil, Mətanət"
ATV-nin efirində yayımlanan “Gündəlik” verilişində aparıcı Mətanət Əliverdiyevanın mayın 19-da Binəqədi ərazisində 15 nəfərin ölümünə səbəb olan yanğınla bağlı “Biz o faciəni lap belə, faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi”.
Sosial şəbəkələrdə yayılan şərhlərdən bəziləri
İlhamiyyə Rza
Tanınmaq, populyar olmaq, qayğısız yaşamaq üçün mümkün qədər şəxsiyyətsiz olmalısan: "Bu gün şəxsiyyətlər deyil, zombilər yetişdirilir. Öz fikri, mövqeyi olmayan, deyiləni qeyd şərtsiz yerinə yetirən zombilər. Özü də bu siyasəti daha çox televiziyalar yerinə yetirir. Amma hər şeyin də bir həddi var. Əminəm ki, Mətanətə tapşırıq verilsəydi ki, bu faciədir, o, efirdə mərsiyə də deyərdi.
Aysel Əlizadə
…Heç bir məsuliyyət hiss etmədən faciə yaşayan adamların qarşısına çıxıb yanğınla bağlı təsəlliverici, rəhmli fikirlər demək əvəzinə, “elə bilin küləkdi əsdi, keçdi, filmdi, oldu bitdi” dediz.
Faciəni şişirtməyin, - dediz.
Faciəni şişirtmək olmur. Çünki faciə özü şişmiş hadisədi, böyük bəladı. Belə bir ifadəni yalnız satirada işlətmək olar. Onu da ustadlar elə faciənin özünü anlatmaq üçün edirlər. Necə ki, Üzeyir bəy edib. “Ey, kimsən orda, aç qapını, aç, gələk səni öldürək”. Xalq üçün bu, həm də ona görə faciədi ki, ona “aç qapını, gəlib səni evində öldürək” deyirlər.
İkincisi, faciə sözü nəsə ayrı bir anlam daşısaydı, məsələn, qarışqa sözünün sinonimi olsaydı belə, sizin efirə çıxan biri kimi əsəbləri tarıma çəkilmiş, doğmasına, qonşusuna, soydaşına və nəhayət, ailəsinə, özünə görə narahat olan, gərginlik yaşayan insanlara “sən Allah, qarışqadan fil düzəltmə” demək, pulqabı, pasport tapıb adamlara qaytarmısız deyə, onları gic yerinə qoymaq haqqınız yoxdu.
Və siz bu tərzinizlə təkcə özünüzün situasiyadan xəbərsizliyinizi deyil, işlədiyiniz yerdəki ab-havanı, münasibəti də açıb göstərdiniz. Təəssüf ki, sizin satira bacarığınız da yoxdu. Ortada isə “ağzı deyəni qulağı eşitmir” görüntüsü var. Üstəlik, ORT aparıcısından fərqli olaraq, dar macalda yarınmaq cəhdi ilə komik duruma düşüb özünüz satira qəhrəmanına çevrildiniz.
