“Bu iqtisadi sabitliyi təmin etmək üçün kifayət etməyə bilər” - ŞƏRH
İqtisadi Şuranın iclasının gündəliyində 2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi, büdcə siyasətinin əsas istiqamət və hədəfləri, ortamüddətli dövr üçün ilkin makroiqtisadi proqnozlar və makro-fiskal çərçivə, büdcə dayanıqlığı, 2027-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, sosial siyasət və əsas göstəriciləri və digər cari iqtisadi məsələlər ətraflı müzakirə olunub.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, 2027-2030-cu illər üçün hazırlamış ortamüddətli büdcə çərçivəsi yaxşı ki, hazırlanır:
“Amma iqtisadi sabitliyi təmin etmək üçün kifayət etməyə bilər. Çünki belə bir büdcə çərçivəsində məsələ ondan ibarətdir ki, ölkənin indiyə qədərki iqtisadi sabitliyi neftin istehsalı üzərindən qurulub və neftin azalan istehsalı, yəni iqtisadi sabitliyi pozacaq. Və burada büdcə çərçivəsi sabitliyin bərpa olunmasında, nəzərə alınmasında müəyyən rol oynayır. Amma proqnozlar düzgün aparılmadığına görə, ümumiyyətlə ölkədə statistika ilə bağlı problemlər olduğuna görə həmin ortamüddətli büdcə çərçivəsinin rolu azalır. Büdcə siyasətinin də əsas istiqamətləri, həmişə indiyədək inflyasiyanın qorunmasında transfer olub və bu Neft Fondundan transfer vasitəsilə manatın dəyəri qorunub-saxlanıb”.
İqtisadçı qeyd edib ki, Mərkəzi Bank səhvən özünün inflyasiyanı hədəflədiyini deyir, amma o, burada yanlış mövqe tutur:
“O, inflyasiyanı izləyir, hədəfləmir. İndiyə kimi inflyasiyanı qoruyub-saxlayan büdcə siyasətidir və gələcəkdə də bu cür büdcə siyasəti Neft Fondu əridilənə qədər bir müddətlik inflyasiyanı qoruyub saxlaya bilər. Eyni zamanda iqtisadiyyatın neft tələsindən, yəni Holland xəstəliyindən azad olmasının qarşısını alar. Bu ikisinin arasında seçim etmək lazımdır: inflyasiya hədəflənməsi, yoxsa Holland xəstəliyindən sağalmaq? Mən hesab edirəm ki, hazırda ölkənin büdcə siyasətinin qarşısında duran ən strateji seçim budur. Təəssüf ki, İqtisadi Şura bunu məsələ kimi qarşıya qoymur və həll etmir. Dövlət büdcəsinin kəsiri problem deyil. Orada dövlət büdcəsinin həcmi, yəni xərclərin həcmi əsas məsələdir. Bizim xərclər artmır. Bu da iqtisadiyyatı kiçildir. Çünki bizim, təəssüf ki, iqtisadiyyatın böyük hissəsi dövlət iqtisadiyyatıdır və ya dövlət sektorundan asılı olan özəl və ya məmur iqtisadiyyatıdır”.
Həmçinin iqtisadçı vurğulayıb ki, xərclərin həcmindən də çox önəmli olan, təəssüf ki, həll edilməyən, hazırda da ümumiyyətlə problem kimi qarşıya qoyulmayan məsələ düzgün xərcləmələrdir:
“İnvestisiyalar barədə qaydalar bilərəkdən qəbul edilmir. İqtisadiyyat Nazirliyi, o cümlədən Maliyyə Nazirliyi yanlış investisiyaları təşviq edir. Burada qurum maraqlarına uyğun olan investisiyaları bir növ qəbul edir, qurum maraqlarına uyğun olmayan investisiyaları rədd edir və bu da iqtisadi maraqların əleyhinədir. Çünki biz qaydalar olardısa, metodologiya üzrə iqtisadiyyatın maraqlarına uyğun investisiyalar qəbul edilməli, iqtisadiyyatın maraqlarına uyğun olmayan investisiyalar rədd edilməli idi. Hazırda təəssüf ki, onlar qaydaları qəbul etməməklə öz qurum maraqlarına daha çox üstünlük verirlər. Bu da bizim iqtisadiyyata əsas təsiri olan məsələdir”.
Günel Əlili