Bəzi ərazilərdə avtobus dayanacaq sığınacaqlarının olmaması
Şəhərin gündəlik ritmi içində avtobus gözləmək çoxlarının həyatının ayrılmaz hissəsidir. Amma təəssüf ki, bir çox ərazilərdə dayanacaqlar yalnız ad olaraq mövcuddur-nə oturacaq var, nə üstü bağlı sığınacaq, nə də sərnişini yağışdan, küləkdən, günəşdən qoruyan elementlər. Sanki şəhərin hansı hissəyə nə qədər qayğı göstərdiyi elə dayanacaqlardan bəlli olur.
Bəzi küçələrdə müasir, işıqlı, elektron cədvəlli dayanacaqlar görürük. Amma bir az kənara-məhəllələrə, şəhərətrafı ərazilərə, təzə salınmış küçələrə gedəndə sərnişinlər avtobusu küləyin, yağışın altında gözləməyə məcbur qalır. Xüsusilə qış aylarında yaşlı insanlar, uşaqlı valideynlər, işə və dərsə gedənlər üçün bu, həm narahatlıq, həm də sağlamlıq üçün risk yaradır. Dayanacağın standartı yalnız avtobusun saxladığı yer deyil. O, insanların təhlükəsiz və rahat şəkildə gözləyəcəyi məkandır. Sığınacaqsız dayanacaqlar həm sərnişin mədəniyyətinə, həm də şəhər nəqliyyatının ümumi görüntüsünə ziddir. Bu problem həm şəhərsalma siyasətində bərabərliyin təmin olunmadığını göstərir, həm də sərnişin üçün “ikinci dərəcəli” ərazilər anlayışını yaradır. Halbuki, hər bir vətəndaş eyni dərəcədə komfortlu ictimai nəqliyyat infrastrukturuna layiqdir.
Mütəxəssislərin fikrincə, mobil sığınacaqların tətbiqi, köhnə dayanacaqların inventarizasiyası və xüsusən də sıx məhəllələrin prioritetləşdirilməsi qısa zamanda problemi aradan qaldıra bilər. Çünki şəhər-yalnız mərkəz deyil. Şəhər bütün məhəllələri, bütün küçələri, hər gün avtobus gözləyən bütün insanlar deməkdir.
“İnformator.az”a danışan vətəndaş Cavahir Əsgərbəyli bildirib ki, avtobus dayanacaqlarının çox ərazilərdə sığınacaqsız olması doğrudan da böyük narahatlıq yaradır:
“Yağışda, küləkdə, qızmar günəş altında avtobus gözləmək artıq normal hala çevrilib. Şəhərin bir hissəsində müasir dayanacaqlar var, amma başqa yerlərdə insanlar hələ də açıq havada gözləməyə məcburdur. Məncə, bütün ərazilərdə bərabər şərait yaradılmalı və ən azı üstü bağlı, oturacaqlı dayanacaqlar təmin edilməlidir”.
Banuçiçək Məmmədova
