Çağdaş televiziya dili
Milli dilin inkişafı və qorunması hər bir millət üçün ədəbi aktuallıq kəsb edən bir məsələdir. Təsadüfi deyildir ki, biz milli dilimizi “ana dili” kimi müqəddəs bir sözlə ifadə edirik. Deməli, ana dilini qorumaq anamızı qorumaq deməkdir.
Azərbaycan dili həm xalqın, həm də müasir dövlətimizin həmişə diqqət mərkəzində olub. Cavan nəslin yadında olmaya bilər. 1956-cı ildə yazıçı Mirzə İbrahimov Azərbaycan SSRİ Ali Sovetinin qərarı ilə Azərbaycan dilini dövlət dili elan etdi. Bu qərarı ermənilərin təkidi ilə Moskva cəmi 3–4 aydan sonra ləğv elətdirdi.
Ümummilli Liderimiz Heydər Əliyev hələ Azərbaycana birinci rəhbərliyi dövründə – 1976-cı ildə yaradılan Azərbaycan Sovet Sosialist Respublikasının ilk Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi salınmasına nail oldu. Moskva və ermənilərin buna mane olan bütün cəhdlərinə baxmayaraq Heydər Əliyev bu müqəddəs milli istəyinə nail oldu.
Heydər Əliyev deyirdi: “İnkişaf etmiş dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.
O deyirdi: “Biz indi müstəqil dövlət kimi öz dilimizlə, Azərbaycan dili ilə fəxr edirik”.
Heydər Əliyevdən bir sitat da gətirmək istərdim: “Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açıldı”.
Bu, bir həqiqətdir. Bu, bir həqiqətdir ona görə ki, Heydər Əliyevin bizə bir rəhbər kimi qoyub getdiyi Prezident İlham Əliyev “bu geniş üfüqlərin” yaradıcısı və təminatçısıdır.
Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması və inkişafının qarantıdır. Prezidentin ana dilimizlə bağlı ayrıca Sərəncamı, göstəriş və qərarları var. Hətta televiziya dili ilə bağlı da xüsusi göstərişləri mövcuddur.
Amma Prezidentin milli dilimizin inkişafına ən böyük dəstəyi onun bu dilə şəxsi sevgisidir. Dünyanın ən aparıcı dillərində beynəlxalq kürsülərdə etdiyi çıxışlarla xarici jurnalistləri heyran qoyması göz qabağındadır. O, doğma dildə məharətlə danışmağın mahir ustadı kimi diqqəti cəlb edir.
Bütün məktəb təhsilini rus dilində almış İlham Əliyev istər ədəbi dildə, istərsə də xalq danışıq dilində səlis üslubu, leksik seçimi, aydın sintaksisi ilə sözün həqiqi mənasında bir nitq məktəbi yaradıb.
Xocalının yaşlı sakinlərindən biri ilə söhbət zamanı sual verir: “Heyvan saxlayırsınız?”
Sakin: “Bəli, Cənab Prezident!”
Prezident: “Örüşünüz var?”
“Bəli, cənab Prezident, örüşümüz var”.
Prezidentlə yaşlı kənd sakininin bu dialoqundakı “örüş” sözü bəzilərinə arxaik söz kimi görünə bilər. Ancaq Prezident bu sözü yenidən işlək leksikona çevirərək xalq dilinə də yaxından bələd olduğunu göstərdi. Onun kənd sakinləri ilə görüşlərində dilimizin ən dərin qatlarındakı söz ehtiyatından istifadə etməsi məmurlara bir dərs olmalıdır.
Prezidentimiz ana dilimizin inkişafı və qorunması ilə bağlı elmi-praktik göstərişlərini akademiyadakı çıxışında akademik formatda ifadə edərək qarşımıza ciddi vəzifələr qoydu. Alimlərimizin qarşısında elmi dilin inkişafı ilə bağlı mühüm tapşırıqlar müəyyənləşdirdi. Elmi dilin inkişafında alınma sözlər qaçılmazdır, lakin Prezident xüsusi olaraq milli qarşılıqların tapılmasının vacibliyini vurğuladı.
Hamıya məlumdur ki, hər hansı bir milli dildə elmi üslubun formalaşması onilliklər tələb edir. Məsələn, 1755-ci ildə Moskva Universiteti yaradılarkən fəlsəfə fənni üç il alman dilində tədris olunmuşdu. Klassiklərimiz elmi üslubun formalaşmasına böyük töhfələr veriblər və bu məktəb davam etməlidir.
Bu vəzifələrdən biri də media sisteminin üzərinə düşür. Əgər əvvəllər dilin inkişafı əsasən bədii ədəbiyyatdan gəlirdisə, bu gün bu missiya daha çox televiziyaların payına düşür.
Bu gün Azərbaycan Televiziyası, İctimai TV, REAL TV, ARB-24, Baku TV kimi kanallar dilin səlistliyinə və söz yaradıcılığına diqqət yetirən media qurumları kimi narahatlıq doğurmur. Xüsusilə REAL TV-də “Mirşahinin vaxtı” proqramında aparıcının söz yaradıcılığı diqqət çəkir.
Jurnalistikanın əsas funksiyalarından biri maarifçilikdir. Texnologiyalar dəyişsə də, jurnalistikanın bu funksiyası dəyişməz qalır.
Biz bunu İctimai TV-nin “Sabaha saxlamayaq”, “Diqqət mərkəzində”, “Yekun”, REAL TV-nin proqramlarında, AzTV-nin “Həftə sonu”, Baku TV-nin diskussiya proqramlarında, ARB-24-ün “Nə deyirlər” verilişlərində aydın görürük.
Lakin bütün telekanallar üçün eyni vəziyyətdən danışmaq olmur. Bəzi özəl kanallar milli problemlərin müzakirəsi əvəzinə yalnız musiqi “maarifçiliyi” ilə kifayətlənir. Bu da bizi “şair xalqdan” “müğənni xalqa” çevirmək təhlükəsi yaradır.
Bu gün “Lirika, yoxsa fizika?” sualı son dərəcə aktualdır. Elmin və dəqiq düşüncənin təşviqi həm dilimizin, həm də cəmiyyətimizin inkişafı üçün vacibdir.
Bəzi telekanallarda ərəb-fars sözlərinə həddindən artıq maraq dilin təbii axarını pozur: “gedişat”, “təam”, “təşrif”, “ilk öncə” kimi ifadələr buna misaldır.
Dil səhvləri, yanlış söz seçimi, ölçüsüz ifadələr, xüsusilə şəhidlərə və milli dəyərlərə aid mövzularda daha böyük məsuliyyət tələb edir.
Yazılı mətbuatın zəiflədiyi, sosial şəbəkələrdə dilə laqeydliyin artdığı bu dövrdə televiziya üzərinə daha böyük yük düşür. Bu səbəbdən telekanallar bütün proqram formatlarında ana dilimizin keşiyində dayanmalı, dil məsələlərinə həsr olunan diskussiya və maarifləndirici verilişlərin sayını artırmalıdır.
Prezident İlham Əliyevin dediyi kimi: “Milli dil millətin varlığıdır”.
Mən də çıxışımı filosof Səlahəddin Xəlilovun fikri ilə tamamlayıram: böyük dil bütün peşəkar sahələrdə sərbəst inkişaf edə bilən dildir. Bu potensialı reallaşdırmaq isə bu gün daha çox televiziyalarımızın üzərinə düşür.
Cahangir Məmmədli
Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri.
