Canavarlar kəndlərə hücum edir: sakinlər qorxuda
Lənkəran və Masallı rayonlarının bir neçə kəndində canavarların hücumları sakinlər arasında ciddi narahatlıq yaradıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, son günlər vəhşi heyvanlar əsasən Lənkəran rayonunun Zövlə, Masallı rayonunun Mollon və Mahmudavar kəndlərində təsərrüfatlara hücum ediblər.
Canavarlar mal-qaraya və atlara hücum edərək bəzi heyvanları parçalayıblar.
Kənd sakinlərinin sözlərinə görə, vəziyyət artıq qorxulu həddə çatıb. Valideynlər övladlarını məktəbə tək göndərməyə çəkinir, axşam saatlarında isə kənddə hərəkət demək olar ki, məhdudlaşıb. Sakinlər məcbur qalaraq əllərinə balta, yaba və digər alətlər götürüb növbə ilə kənd ətrafında keşik çəkməyə başlayıblar.
Hadisələr nəticəsində vətəndaşlara xeyli maddi ziyan dəyib. Zərərçəkənlər aidiyyəti qurumlara müraciət edərək canavarların yaşayış məntəqələrindən uzaqlaşdırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini xahiş edirlər.
