"Canni De Byazi bu hərəkətlə çox səhv addım atdı"
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.
İnformator.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub.
1. Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müddəti sona çatan müqavilə artırılmasın.
2. Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd məşqçilərin müəyyən edilməsi üçün xüsusi işçi qrupu yaradılsın.
Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi isə iclas başlayandan 10 dəqiqə sonra AFFA-nın inzibati binasından çıxıb. O, arxa qapıdan çıxaraq federasiyanın binasını tərk edib. Onu da qeyd edək ki, De Byazi məğlubiyyətin səbəblərini soruşmaqla haqlı irad bildirən azərbaycanlı jurnalistləri “axmaq” adlandırmaqla tənqid hədəfinə tuş gəlib.
Məsələ ilə bağlı "Səbail”in baş məşqçisi Şahin Diniyev İnformator.az-a danışıb. Məşqçinin sözlərinə görə, De Byazinin 10 dəqiqə sonra iclasdan çıxması normal haldır.
"Ümumiyyətlə məşqçi etdiyi işlər barəsində İcra Komitəsinə raport xarakterli bir sənəd təqdim edir və onun əsasında İcra Komitəsi yekun qərar çıxarır. Bu bütün ölkələrdə belədir”.
Baş məşqçi düşünür ki, yəqin ki, o, 10 dəqiqə ərzində sənədini təqdim edib və məkanı tərk edib.
“Yekunda qəbul edilən qərarı isə ona bildirəcəklər”.
Şahin Diniyev De Byazinin azərbaycanlı jurnalistlərlə bağlı fikrinə münasibət bildirib.
"Bu tamamilə emosiyalar altında deyilən bir fikirdir. Və onun ağır məğlubiyyətdən sonra dediyi sözlər, ümumiyyətlə, səhvdir. Nəinki jurnalistlər, ümumiyyətlə, insanlar haqqında mənfi fikir söyləmək düzgün deyil. Belə baxanda futbolu da işıqlandıran jurnalistlərdir”.
Baş məşqçinin sözlərinə görə, futbolçunu futbolçu, məşqçini də məşqçi edən jurnalistlərdir.
"Onlar həm mənfisi, həm də müsbəti ilə hadisələri işıqlandırırlar. Buna görə də qəbul etmək olar. Nəticədən asılı olaraq, əgər İsveçrədə jurnalistlər müsbət yöndə işıqlandırdılarsa, indi də nəticədən asılı olaraq mənfi yöndə işıqlandıracaqlar”.
Şahin Diniyev əlavə edir ki, onun emosiyalar altında dediyi ifadəni nəinki mənim, heç bir normal adamın qəbul etməsi düzgün deyil.
"Və düşünürəm ki, o, səhv addım atdı, hər bir insan emosiyalara qapıla bilər. Eyni zamanda məğlubiyyətdən sonra jurnalistlər də qıcıqlandıcı suallar ünvanladılar və o da etik normalardan çıxdı”.
Aynur Babayeva
