Ceyhun Bayramov: Azərbaycan TDT-nin səmərəli fəaliyyəti üçün səylərini davam etdirəcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən TDT Xarici İşlər Nazirləri Şurasının iclasında iqtisadi əlaqələrin, təhlükəsizlik sahəsində əməkdaşlığın və təşkilatın beynəlxalq mövqeyinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Ülviyyə Zülfüqar bildirib ki, bu gün TDT-nin kifayət qədər geniş əməkdaşlıq gündəliyi mövcuddur:
“Lakin əsas məsələ qəbul edilən qərarların konkret layihələrə çevrilməsi və onların icrasının təmin edilməsidir. Xüsusilə, Orta Dəhlizin inkişafı, üzv dövlətlər arasında ticarət dövriyyəsinin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi və investisiya imkanlarının genişləndirilməsi prioritet istiqamətlər ola bilər. Hesab edirəm ki, təşkilatın institusional mexanizmlərinin gücləndirilməsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Digər mühüm məsələ TDT-nin beynəlxalq müstəvidə daha fəal və nüfuzlu təşkilata çevrilməsidir. Nəzərə almaq lazımdır ki, türk dövlətləri Avropa ilə Asiyanı birləşdirən mühüm coğrafiyada yerləşir və böyük iqtisadi, enerji və tranzit potensialına malikdir”.
Politoloqun sözlərinə görə, bu imkanlardan koordinasiyalı şəkildə istifadə olunması təşkilatın qlobal iqtisadi proseslərdə rolunu artıra bilər:
“Eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, ortaq iqtisadi təşəbbüslərin irəli sürülməsi və üzv dövlətlər arasında mövqelərin uzlaşdırılması TDT-nin beynəlxalq münasibətlər sistemində daha təsirli platformaya çevrilməsinə şərait yarada bilər. Siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi isə xüsusilə, indiki geosiyasi şəraitdə böyük əhəmiyyət daşıyır. Çünki türk dövlətlərinin yerləşdiyi geniş coğrafiya müxtəlif regional münaqişələrin, nəqliyyat və enerji təhlükəsizliyi ilə bağlı çağırışların təsirinə məruz qalır. Bu baxımdan təhlükəsizlik məsələləri üzrə müntəzəm məsləhətləşmələrin keçirilməsi, kibertəhdidlərə və terrorizmə qarşı birgə fəaliyyətin genişləndirilməsi, eləcə də böhran vəziyyətlərində koordinasiya mexanizmləri vacibdir”.
Mələk Hüseynova