Çin ABŞ-ni ticarət tərəfdaşlarına qarşı rüsumları ləğv etməyə çağırıb
Çin ABŞ-ni ticarət tərəfdaşlarına qarşı birtərəfli rüsumları ləğv etməyə çağırır, Pekin öz maraqlarını qətiyyətlə qorumaq niyyətindədir.
"İnformator.az" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin saytında dərc olunmuş məlumatda deyilir.
"Biz ABŞ Ali Məhkəməsinin tariflər işi üzrə qərarına diqqət yetirmişik və hazırda həmin qərarın məzmununu və nəticələrini hərtərəfli qiymətləndiririk. Çin tərəfi ardıcıl olaraq istənilən birtərəfli tariflərin əleyhinə çıxış edir və dəfələrlə vurğulayıb ki, ticarət müharibəsində qalib yoxdur, proteksionizmin isə gələcəyi yoxdur. ABŞ-nin cavab rüsumları, fentanilə tətbiq edilən rüsumlar və digər birtərəfli tədbirlər beynəlxalq ticarət qaydalarını və ABŞ-nin daxili qanunvericiliyini pozur, həmçinin tərəflərin maraqlarına uyğun gəlmir", - deyə qurumdan bildirilib.
Ticarət Nazirliyi həmçinin qeyd edib ki, Çin və ABŞ arasındakı münasibətlərdə mənfəət əməkdaşlıq sayəsində əldə edilir, qarşıdurma isə zərər vurur.
"Çin tərəfi ABŞ-ni ticarət tərəfdaşlarına qarşı tətbiq edilmiş birtərəfli rüsumları ləğv etməyə israrla çağırır. Biz həmçinin ABŞ-nin öz ticarət tərəfdaşlarına qarşı əlavə rüsumları saxlamaq üçün ticarət araşdırmaları da daxil olmaqla, alternativ tədbirlər görməyə hazırlaşdığına diqqət yetirmişik. Çin vəziyyəti diqqətlə izləyəcək və öz maraqlarını qətiyyətlə qoruyacaq", - bəyanatda vurğulanıb.
