00:00:00
Yazar
Nərmin Həşimova
03.11.2026 16:36 103 2 dəq oxuma
Siyasət

Çin Körfəz ölkələrini yeni təhlükəsizlik arxitekturası yaratmağa çağırır

Çin Körfəz ölkələrini yeni təhlükəsizlik arxitekturası yaratmağa çağırır

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Çin Fars körfəzi ölkələrinə yeni regional təhlükəsizlik arxitekturası qurmağı təklif edib. Səudiyyə Ərəbistanının milli təhlükəsizlik müşaviri ilə danışıqlar aparan Çinin XİN rəhbəri Vanq Yi regional ölkələri qarşılıqlı etimadı bərpa etməyə, dəniz yollarının və enerji resurslarının təhlükəsizliyini dioloji yolla təmin etməyə çağırıb.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki,Çinin Fars körfəzi və geniş Yaxın Şərq regionu üçün təklif etdiyi yeni təhlükəsizlik arxitekturası həm ABŞ-nin regiondakı ənənəvi nüfuzuna diplomatik alternativ formalaşdırmaq, həm də Pekinin öz strateji enerji maraqlarını sığortalamaq məqsədi daşıyır:


"Çinin bu addımları birbaşa hərbi rəqabətdən daha çox, çoxtərəfli nüfuz mübarizəsi və iqtisadi təhlükəsizlik kontekstində qiymətləndirilməlidir. 
Çin Prezidentinin Qahirədə irəli sürdüyü dörd bəndlik təhlükəsizlik planı fonunda bu məsələyə yanaşmalar fərqlidir. Pekinin region ölkələrini xarici müdaxiləyə müqavimət göstərməyə və öz taleyini özləri təyin etməyə çağırması birbaşa ABŞ-nin dominantlığına qarşı yönəlib. Çin hərbi çəkindirməyə əsaslanan ABŞ doktrinasına qarşı inkişaf vasitəsilə təhlükəsizlik prinsipini təklif edir. Vaşinqtonun regiondakı hərbi mövqeyinin yenidən qiymətləndirildiyi bir dövrdə Çin özünü vasitəçi və nizamlayıcı qüvvə kimi təqdim edir. Buna baxmayaraq, Çin regional müttəfiqlərə ABŞ kimi birbaşa hərbi müdafiə zəmanətləri və ya nüvə çətiri vermək niyyətində deyil. Digər bir yanaşmaya görə isə Pekinin əsas hədəfi qlobal rəqabətdən daha çox, daxili iqtisadi sabitliyini təmin etməkdir. Çin Fars körfəzi neftinin ən böyük alıcısıdır və regiondakı qeyri-sabitlik birbaşa onun daxili bazarına təsir edir. Hörmüz boğazı və ətraf dəniz yollarının açıq qalması Çinin ticarət marşrutları üçün həyati əhəmiyyət kəsb edir. Çin regiondakı rəqib tərəflərlə məsələn, Səudiyyə Ərəbistanı və İranla eyni vaxtda iqtisadi əlaqələr saxlayaraq hərbi bloklara qoşulmaqdan da yayınır. Bütün bunların fonunda Çin öz enerji maraqlarını qorumaqla yanaşı ABŞ-nin regiondakı təsirinə qarşı tam fərqli bir sipər yaratmağa cəhd edir".

Səkinə Musayeva

#gündəm #yeni #körfəz #azərbaycan #təhlükəsizlik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər