Çində dünyanın ən uzun avtomobil yolu tuneli istifadəyə verilib
Çin Sincan-Uyğur Muxtar Bölgəsində dünyanın ən uzun avtomobil yolu tunelini istifadəyə verib. Uzunluğu 22 kilometri ötən Tianshan Şenli Tuneli Urumçi–Yuli sürət magistralının bir hissəsi kimi tam istismara açılıb.
Tunel Sincanın şimalı ilə cənubunu ayıran və illərdir nəqliyyat üçün ciddi maneə yaradan Tyan-Şan dağlarının tam mərkəzindən keçir. Bu ərazi mürəkkəb relyefi və sərt iqlim şəraiti ilə seçildiyindən, əvvəllər sürücülər dolama dağ yolları ilə saatlarla hərəkət etməli, qış aylarında isə yolun bağlanması ilə üzləşirdilər. Yeni tunelin açılması ilə həmin məsafə təxminən 20 dəqiqəyə qət olunur.
Tunelin tikintisinə beş ildən artıq əvvəl başlanılıb və layihə bölgədə indiyədək həyata keçirilmiş ən mürəkkəb yol-mühəndisliyi işlərindən biri hesab olunur. İnşaat zamanı mütəxəssislər 1 100 metrdən artıq dərinlikdə işləməli, bir neçə geoloji qırılma zonasından keçməli, həmçinin ekstremal soyuq, yüksək hündürlük və qeyri-sabit süxurlar kimi çətinliklərlə üzləşiblər.
Layihənin pik mərhələlərində minlərlə işçi və mühəndis cəlb olunub, müasir qazma, monitorinq və havalandırma sistemlərindən istifadə edilib. Rəsmilər bildirirlər ki, tunelin istifadəyə verilməsi Sincanda insanların və yüklərin daşınmasını əhəmiyyətli dərəcədə sürətləndirəcək və regionun iqtisadi əlaqələrinə yeni imkanlar açacaq.
ANEWZ
Güllər Gülhüseynova
