Danimarka ilə Almaniyanı birləşdirəcək tunelə kiberhücum
Danimarkanı Baltik dənizi üzərindən Almaniya ilə birləşdirəcək Fehmarnbelt tunelinin tikintisində işlərin ləngiməsinə səbəb olan kiberhücumun baş verdiyi bildirilir.
Danimarka mediasının məlumatına görə, ölkəni Almaniya ilə birləşdirəcək 18 kilometrlik sualtı tunelin tikintisini həyata keçirən baş podratçı şirkətə kiberhücum edilib. Hücum nəticəsində tikinti işlərinə mənfi təsir yaranıb.Bildirilib ki, kiberhücum səbəbindən tikinti sahəsindəki bəzi mərkəzi sistemlər sıradan çıxıb, işçilər isə internetə çıxışla bağlı problemlərlə üzləşiblər.
Layihəni həyata keçirən şirkətin baş podratçı ilə əlaqə saxladığı qeyd olunub. Lakin kiberhücumun kim tərəfindən və hansı məqsədlə həyata keçirildiyi barədə məlumat verilməyib.
Fehmarnbelt tunelinin Danimarkanın paytaxtı Kopenhagenin də yerləşdiyi Zelandiya adasını və daha sonra Lolland adasını Almaniya ilə birləşdirərək Skandinaviya ilə Almaniya arasında nəqliyyat əlaqəsini təmin etməsi planlaşdırılır.
Tikintisinə 2021-ci ildə başlanılan tunelin 2029-cu ildə tamamlanması nəzərdə tutulur. Tunel dörd zolaqlı avtomobil yolundan və ikixətli dəmir yolundan ibarət olacaq.
TRT Haber
Aysu Abbasova