Daxili investisiyalar iqtisadi stabillik üçün müsbət göstəricidir
2025-ci ildə əsas kapitala 21226,1 milyon manat məbləğində, yaxud 2024-cü illə müqayisədə 5,6 faiz az investisiya yönəldilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Neft-qaz sektoruna yatırılan investisiyalar 10,3%, qeyri neft-qaz sektoruna isə 3,9% azalıb. İnvestisiyaların 51,7%-i məhsul istehsalına, 33,8%-i xidmət sahələrinə, 14,5%-i isə yaşayış evlərinin tikintisinə yönəldilib. Əsas kapitala qoyulan investisiyaların 80,2%-i daxili investisiyalardır.
Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, qlobal iqtisadiyyatda əsas səbəblər geosiyasi gərginliklərin davam etməsidir:
“Hazırda iqtisadi sabitlik yox səviyyəsindədir. Onun üçün də belə bir riskli mühitdə investorlar hər hansısa bir sahəyə istər neft sektoru olsun, istərsə də qeyri-neft sektorunda kapital yatırımı, investisiya etməkdən bir növ çəkinirlər. Bir şeyi də qeyd etmək lazımdır ki, xüsusilə, bu Azərbaycan kimi ölkələr üçün keçərlidir. Dövlət büdcəsinin əsas hissəsi neftdən gələn gəlirlər hesabınadır. Qlobal iqtisadiyyata neft qiymətləri aşağı endiyi üçün investorlarda bu durum təşviş vəziyyəti yaradır. Ona görə də investisiyanın azalmasının əsas səbəblərindən biri də qlobal iqtisadiyyatda geosiyasi sabitliyin pozulması, sonra iqtisadi təhlükənin hər an baş vermə mühitinin olması ilə əlaqədardır. İnvestisiyaların azalmasında real iqtisadi təhlükə vəziyyəti yoxdur. Azərbaycan üçün desək, bu vəziyyətdən çıxmaq üçün ya manat devalvasiyaya məruz qalmalıdır, ya neftdən gələn gəlirlər artmalıdır. Dünya üzərində qiymətlər düşsə də, neftdən gələn gəlirləri artırmaq üçün hasilatı artırılmalıyıq. Hazırda ölkəmiz üçün tək çıxış hasilatı artırmaqdır. Bu dayanıqlığın qorunmasıdır. İqtisadi dayanıqlılığın qorunması da hazırda yetərli səviyyədədir. Ona görə də risk durumu yoxdur. Risk durumu o zaman ola bilər ki, yatırılan kapital investisiyanın səviyyəsi yetərli səviyyədə olmaz. Tamamilə aşağı səviyyə enər. Sonra neftin qiymətləri OPEC-dən bir tənzimlənmə ilə dəyişə bilər və yaxud da geosiyasi balansın pozulması da risk durumu yarada bilər. Hazırda orta müddət üçün risk gözlənilmir. İnvestisiyaların böyük hissəsini daxili mənbələr hesabına formalaşması müsbət göstərici kimi qiymətləndirməyi əsas verir. Əslində bir növ müsbət kimi dəyərləndirilə bilər. Çünki xarici investisiya hesabına olsa, bir növ bu xarici borclanma kimi xarici borc həcminin artması kimi dəyərləndirilə bilər. Ümumiyyətlə, daxili sektorda isə bu qarşılıqlı prinsiplər əsasında olmalıdır. O demək deyil ki, daxili investisiyanın hesabına olursa, daxili borclanma ola bilər. Fərqi yoxdur, bu onsuzda yekunda borcların həcminin artmasıdır. Amma xarici borcların artması isə valyuta ilə borclanan da və yaxud da regionda prosesin baş verməsi, geosiyasi balansın pozulması bunu daha da çıxılmaz vəziyyətə salır. Onun üçün də daxili borclanmanın olması xarici borclanmaya nisbətən iqtisadiyyata daha avantajlıdır”.
Nuray Əliyeva
